ABŞ Hərbi Hava Qüvvələri potensial rəqiblərin müasir aviasiya vasitələrini təqlid edə bilən yeni nəsil hədəf dronlarından ibarət sistem yaratmaq niyyətindədir.
Bu barədə Defense News məlumat yayıb.
Editor.az xəbər verir ki, məlumata görə, yeni dronlar stels qırıcılar, ağır bombardmançılar, eləcə də müxtəlif ölçülü pilotsuz uçuş aparatlarının uçuş xüsusiyyətlərini imitasiya etməlidir. Xüsusilə Çinin J-20 stels qırıcısının imkanlarının mümkün qədər real şəkildə modelləşdirilməsi nəzərdə tutulur.
ABŞ Hərbi Hava Qüvvələrinin tələbinə əsasən, yaradılacaq dron ailəsi ucuz və asan istehsal olunan platformalardan ibarət olmalıdır. Bu aparatların zərurət yarandıqda itirilə bilən və ya birdəfəlik istifadə edilən sistemlər kimi nəzərdə tutulması planlaşdırılır.
Hazırda ABŞ Hərbi Hava Qüvvələri əsasən BQM-167A hədəf dronlarından istifadə edir. 2007-ci ildən xidmətdə olan bu aparatın uzunluğu təxminən 6 metr, qanad açıqlığı isə 3,4 metrdir. Bu göstəricilər onu təxminən 20 metr uzunluğunda olan Çin J-20 qırıcısından əhəmiyyətli dərəcədə fərqləndirir.
Yeni hədəf dronlarının əsas məqsədi ABŞ hərbçilərinə müasir hava hücumundan müdafiə sistemlərini, radarları və aviasiya silahlarını daha real rəqib modelləri üzərində sınaqdan keçirmək, həmçinin potensial rəqiblərin hava qüvvələrinə qarşı taktika hazırlamaq imkanı verməkdir.
ABŞ Hərbi Hava Qüvvələri bununla bağlı informasiya sorğusu yayıb və şirkətlərdən təkliflərin təqdim edilməsini gözləyir. Təkliflərin qəbulu üçün son tarix 28 sentyabr olaraq müəyyənləşdirilib.
//Samir Qurbanov, Editor.az

