Bəzi xəstəliklər və sağlamlıq vəziyyətlərində qarpızın miqdarını məhdudlaşdırmaq, bəzi hallarda isə ondan tamamilə imtina etmək lazım gəlir. Buna diabet, böyrək xəstəlikləri, ürək çatışmazlığı və bəzi mədə-bağırsaq xəstəlikləri daxildir.
Editor.az xəbər verir ki, qastroenteroloq Yevgeni Belousovun sözlərinə görə, qarpız yüngül məhsul təsiri bağışlasa da, onun tərkibində kifayət qədər sadə karbohidrat var. 100 qram qarpızın lətində təxminən 6–8 qram şəkər olur. Bir neçə iri dilim qarpız yemək orqanizmə əhəmiyyətli miqdarda karbohidrat daxil olmasına və qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Bu, diabet xəstələrinin qarpızdan tamamilə imtina etməsi demək deyil. Xəstəlik nəzarət altında olduğu halda qarpızı az miqdarda və gün ərzində qəbul edilən ümumi karbohidrat miqdarını nəzərə almaqla qidalanmaya daxil etmək mümkündür. Lakin diabet zamanı qarpızı məhdudiyyətsiz yemək tövsiyə edilmir.
Qarpız güclü sidikqovucu təsirə malikdir. Sağlam insanlar üçün bu, adətən problem yaratmır. Lakin ağır xroniki böyrək xəstəliyi zamanı böyrəklərin mayeni xaric etmək qabiliyyəti zəiflədiyindən, qarpızın həddindən artıq istehlakı orqanizmdə maye yüklənməsinə səbəb ola bilər.
Bundan əlavə, qarpızın tərkibində kalium var. Böyrəklər kifayət qədər effektiv işləmədikdə bu mineral qanda toplana bilər. Kalium səviyyəsinin həddindən artıq yüksəlməsi ürək ritminin təhlükəli pozulmalarına səbəb ola bilər. Buna görə xroniki böyrək xəstəliyi olan şəxslər qəbul etdikləri mayenin və kaliumla zəngin məhsulların miqdarını həkimlə müzakirə etməlidirlər.
Ürək çatışmazlığı olan insanlara da maye qəbulunu məhdudlaşdırmaq tövsiyə oluna bilər. Qarpızın böyük hissəsi sudan ibarətdir. Məsələn, meyvənin yarısını birdəfəyə yemək orqanizmə bir neçə stəkan maye daxil olması deməkdir. Ağır ürək çatışmazlığı zamanı bu, şişkinliyi artıra və ürəyin yükünü yüksəldə bilər.
Mədə-bağırsaq xəstəlikləri zamanı da qarpızın miqdarına diqqət etmək lazımdır. Böyük porsiyalar hətta sağlam insanlarda belə köp, qarında qurultu və narahatlıq yarada bilər. Qıcıqlanmış bağırsaq sindromu, xroniki kolit və ishala meyillilik zamanı bu əlamətlər daha güclü özünü göstərə bilər.
Həkimin sözlərinə görə, maye, şəkər və ya kalium qəbulunu məhdudlaşdırmağı tələb edən xroniki xəstəliyi olmayan insanlar üçün qarpız yay rasionunun faydalı hissəsi ola bilər. O, isti havada maye itkisini kompensasiya etməyə kömək edir, vitaminlər və antioksidantlarla zəngindir və ölçülü şəkildə istehlak edildikdə sağlam qidalanma prinsiplərinə uyğundur.
//Gülnarə Abasova, Editor.az

