İran “farsdilli dünya” qurmaq istəyir: Növbədə Azərbaycan var?backend

İran “farsdilli dünya” qurmaq istəyir: Növbədə Azərbaycan var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin farsdilli xalqlar arasında mədəni və sivilizasiya əməkdaşlığını gücləndirmək məqsədilə “Farsdilli ölkələr və regionlar birliyi”nin yaradılmasını təklif etməsi Tehranın regional siyasətində diqqətçəkən yeni istiqamət kimi qiymətləndirilir. Bu təşəbbüsün yalnız mədəni əməkdaşlıq çərçivəsində deyil, İranın farsdilli xalqlar və dövlətlər üzərində təsir imkanlarını genişləndirmək cəhdi kimi də nəzərdən keçirilməsi mümkündür. Xüsusilə İranın Azərbaycanla bağlı uzunmüddətli regional siyasəti və Cənubi Qafqazda artan geosiyasi rəqabət fonunda bu təşəbbüsün mümkün hədəfləri və nəticələri diqqət çəkir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İran vitse-prezidentinin bu açıqlaması əslində təəccüblü deyil:

“Çünki adətən imperiya ambisiyaları olan dövlətlər bu tipli siyasət həyata keçirməyə çalışırlar. Nəzərə alsaq ki, Böyük Britaniyanın da, necə deyərlər, ingilisdilli dövlətlər birliyi var, bundan başqa Frankofoniya Təşkilatı mövcuddur, Rusiya da belə addımlar atmağa cəhd göstərir. Nəzərə alsaq ki, İran bir çox məsələlərdə Rusiyanın karikatur kopiyasıdır və onun addımlarını təkrarlayır, burada da yeni hansısa fikir axtarmırıq. Sadəcə olaraq, İran tərəfi bu addımı atmaqla bölgədə farsdilli dövlətlərlə münasibətləri daha ciddi şəkildə uzlaşdırmağa, əlaqələndirməyə və inteqrasiyaya çalışır. Burada Tacikistanı, Əfqanıstanı və Yaxın Şərqdə yaşayan bəzi xalqları nəzərdə tutur.

Bunlar əslində İranın bir dönəmlər, son 50 ildə şiə məzhəbçiliyi üzərindən regionda apardığı aqressiv siyasətin indi milli formaya çevrilməsi kimi də dəyərləndirilə bilər. Yəni İran həm dini məzhəb üzərindən siyasət aparmağa çalışır, eyni zamanda belə bir təşəbbüslə çıxış edərək milli və etnik əsasa dayanan bir siyasət də yürütməyə çalışır.

Əlbəttə ki, buna nə qədər nail olacaqlarını indidən demək çox çətindir. Amma ən azı Əfqanıstanı da nəzərə alsaq, İranla yaxın, yəni farsdilli qrupa yaxın bir xalq olsa da, iki dövlət arasında, xüsusilə də məzhəb üzərindən kifayət qədər dərin fikir ayrılıqları var. Yəni bu niyyət və təşəbbüslərin hamısı İranın bölgədə bu günə qədər apardığı və bundan sonra aparacağı siyasətin konturlarını göstərir. Yəni bu, yayılmacı, bölgəni öz təsiri altında saxlamağa yönəlmiş aqressiv siyasətin elementi kimi dəyərləndirilməlidir”.

//Gülnarə Abasova, Editor.az