Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yayılmaqdadır. Artıq məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası bəyanat yayıb.
bəyanatda Rusiya informasiya məkanında müşahidə edilən bu tendensiya qətiyyətlə pislənir. Bəyanatda diqqəti cəlb edən ən sərt məqam Rusiya informasiya məkanında belə materialların sistemli xarakter daşımasının mümkün siyasi mənasına dair qiymətləndirmədir. Mətbuat Şurası bildirir ki, Rusiya informasiya məkanının sərt qanunvericiliklə tənzimləndiyi bir şəraitdə Azərbaycan əleyhinə bu cür materialların ardıcıl və sistemli şəkildə ortaya çıxması onların Rusiyanın dövlət siyasəti səviyyəsində təsdiqlənməsinə bərabər tutula bilər.
Rusiya KİV-də Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı təhqiramiz, nalayiq və təhdid xarakterli materialların sistemli şəkildə yazıların verilməsi nədən xəbər verir? Bu, hansısa jurnalistlərin özfəaliyyətidir, yoxsa dövlətin ən azı hansısa qanadından sifarişlə həyata keçirilən prosesdir?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, burada məsələni yalnız “bir neçə jurnalistin özfəaliyyəti” kimi qiymətləndirmək çətindir: “Son aylarda müşahidə olunan tendensiya da təsdiq edir ki, Rusiyanın bəzi rəsmi dairələrində Azərbaycanla münasibətləri soyuqlaşdırmaq niyyəti mövcuddur. Bu ölkədə media tamamilə müstəqil və dövlət təsirindən kənar fəaliyyət göstərən informasiya sistemi deyil ki, anti-Azərbaycan materiallarının müstəqil jurnalist mövqeyi olduğunu düşünək.
Xüsusilə federal telekanallar, dövlətə yaxın media qurumları və siyasi tok-şoular Rusiyanın ümumi informasiya siyasətinin mühüm alətləridir. Ona görə də belə platformalarda eyni ölkəyə qarşı uzun müddət davam edən, müxtəlif müəlliflər və müxtəlif media qurumları tərəfindən təkrarlanan eyni ritorikanı sırf jurnalistlərin şəxsi mövqeyi kimi izah etmək inandırıcı deyil.
Rusiyanın informasiya sistemində “yuxarıdan gələn göstəriş”lə yanaşı, redaksiyaların dövlət siyasətini əvvəlcədən hiss edərək özünüsenzura və “siyasi xəttə uyğunlaşma” mexanizmi də işləyə bilər. Yəni, jurnalistə “Azərbaycanı təhqir edən yazı hazırla” deyilməsi vacib deyil. Media rəhbərliyi və aparıcılar hansı mövzuların, hansı tonun və hansı tezislərin siyasi baxımdan qəbulolunan olduğunu bilirlər. Jurnalist bilir ki, Azərbaycana qarşı yazısına görə ona nə dövlətin rəsmi qurumlarından, nə də işlədiyi media orqanının rəhbərliyindən mənfi reaksiya olmayacaq”.
Politoloqa görə, Rusiya dövlətinin elan olunan rəsmi mövqeyi ilə Rusiya informasiya məkanında yayılan ritorika arasında ziddiyyət ortadadır: “Moskva rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirir. Amma dövlətə məxsus və ya dövlətə yaxın informasiya platformalarında bunun əksinə olan mesajların meydana çıxması artıq sırf jurnalistika problemi deyil.
Azərbaycan Mətbuat Şurasının vurğuladığı məqam da məhz buna görə əhəmiyyətlidir. Rusiya informasiya məkanı kifayət qədər sərt şəkildə tənzimlənirsə və orada müəyyən mövzular üzrə nəşrlər üzərində ciddi nəzarət mövcuddursa, onda Azərbaycan əleyhinə təhqir, təhdid və düşmənçilik ritorikasının arxasında gizli siyasətin dayandığı şübhələri meydana gəlir. Azərbaycana siyasi təzyiq göstərmək üçün media və informasiya resurslarından istifadə edildiyi hiss olunur”.
Musavat.com

