Ukraynanın tanınmış musiqiçisi, “Ruki’v Bryuki” rok-n-roll qrupunun barabançısı Anatoli Tkaç cəbhədə həlak olub.
Editor.az xəbər verir ki, bu barədə avqustun 18-də musiqiçinin bacısı Valentina Tkaç məlumat verib. O, qardaşının ölümü ilə bağlı paylaşımında Anatolini “qardaşı və ən yaxın dostu” adlandıraraq onun itkisini sözlə ifadə etməyin çətin olduğunu bildirib. Vida mərasiminin vaxtı və yeri barədə məlumatın daha sonra açıqlanacağı qeyd edilib.
Anatoli Tkaç 2024-cü ilin iyulunda Ukrayna Silahlı Qüvvələrinə qoşulub və 79-cu Əlahiddə Desant-Hücum Briqadasının tərkibində xidmət edib. Onun ölümünün konkret şəraiti hələ açıqlanmayıb.
1984-cü ildə anadan olan Tkaç Kiyev Politexnik İnstitutunda təhsil alıb. O, əvvəlcə “Los Fartos” qrupunda çıxış edib, daha sonra 2007-ci ildə Aleksandr Remez tərəfindən yaradılan “Ruki’v Bryuki” qrupunun heyətinə qoşulub. Qrup rok-n-roll, rokabilli, svinq və blüz üslublarında fəaliyyət göstərir.
Musiqiçinin qrup yoldaşı və kollektivin solisti Aleksandr Remez də onun ölümü ilə bağlı paylaşım edərək Anatolini prinsipial və məsuliyyətli insan kimi xatırlayıb.
//Samir Qurbanov, Editor.az

