Şəkərli içkilər mədə xərçəngi riskini artıra bilərbackend

Şəkərli içkilər mədə xərçəngi riskini artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Massaçusets General Hospital Xərçəng Araşdırmaları İnstitutunun alimləri şəkərli içkilərin gündəlik istehlakı ilə mədə xərçəngi riski arasında əlaqə aşkar ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Gastro Hep Advances elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində 112 284 nəfərin qidalanması, həyat tərzi və sağlamlıq göstəriciləri uzun müddət ərzində təhlil edilib. Müşahidə dövründə iştirakçıların 278-də mədə xərçəngi aşkarlanıb.

Tədqiqatın nəticələrinə görə, gündə ən azı bir porsiya, yəni təxminən 355 millilitr şəkərli içki qəbul edən şəxslərdə mədə xərçənginə tutulma ehtimalı ayda bir dəfədən az belə içkilər qəbul edənlərlə müqayisədə 2,45 dəfə yüksək olub.

Alimlər qazlı içkilər, punş, limonadlar, eləcə də idman və enerji içkiləri daxil olmaqla müxtəlif şəkərli içkilərin istehlakını araşdırıblar. Nəticələr göstərib ki, əlaqə həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Bununla belə, qadınlarda risk daha yüksək olub. Gündə bir porsiyadan çox şəkərli içki qəbul edən qadınlarda mədə xərçəngi riski 3,04 dəfə artıb.

Tədqiqatçılar həmçinin fruktoza qəbulunu da ayrıca qiymətləndiriblər. Daha yüksək miqdarda fruktoza istehlakının mədə xərçənginin daha çox rast gəlinməsi ilə əlaqəli olduğu müəyyən edilib.

Eyni zamanda, süni dadlandırıcılarla hazırlanan aşağı kalorili qazlı içkilərlə mədə xərçəngi riski arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Alimlər mədə xərçənginin əsas risk faktorlarından biri hesab olunan Helicobacter pylori bakteriyasının mümkün rolunu da araşdırıblar. 940 nəfərdən ibarət ayrıca qrupun təhlili zamanı iştirakçıların üçdə birindən çoxunda infeksiya əlamətləri müəyyən edilib. Lakin şəkərli içkilərin istehlakı ilə Helicobacter pylori infeksiyasının mövcudluğu arasında əlaqə aşkarlanmayıb.

Mütəxəssislər qeyd edirlər ki, araşdırmanın nəticələri şəkərli içkilərin mədə xərçənginə birbaşa səbəb olduğunu sübut etmir. Tədqiqat yalnız bu içkilərin müntəzəm istehlakı ilə xəstəliyin inkişaf riski arasında statistik əlaqənin mövcudluğunu göstərir.

//Gülnarə Abasova, Editor.az