Taylandın meteorologiya xidməti güclü yağışlar fonunda ölkənin bir sıra bölgələrində daşqın və torpaq sürüşməsi təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, oktyabrın 19-20-də ölkənin cənub və şərq əyalətlərində leysan yağışlarının yağacağı gözlənilir. Oktyabrın 21-dən 25-dək isə yağıntıların ölkənin şimal-şərq və mərkəzi bölgələrinə, o cümlədən paytaxt Banqkok və ətraf ərazilərə yayılacağı proqnozlaşdırılır.
Meteoroloqlar bildiriblər ki, güclü külək və intensiv yağıntılar qəfil daşqınlara səbəb ola bilər. Xüsusilə dağətəyi ərazilərdə, çay və digər su hövzələrinin yaxınlığında, eləcə də alçaq relyefli bölgələrdə yaşayan sakinlərə ehtiyatlı olmaq tövsiyə edilib.
Rəsmilər həmçinin mütəmadi olaraq su altında qalan yollarda hərəkətdən mümkün qədər çəkinməyi məsləhət görüblər.
//Gülnarə Abasova, Editor.az

