Psixoloq valideynlərə xəbərdarlıq etdi: Uşağın ev tapşırığını onun əvəzinə etmək ciddi fəsadlara səbəb ola bilərbackend

Psixoloq valideynlərə xəbərdarlıq etdi: Uşağın ev tapşırığını onun əvəzinə etmək ciddi fəsadlara səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlərin uşaqlarına dərslərində kömək etməsi təbii haldır. Lakin bu yardım uşağın əvəzinə ev tapşırıqlarını yerinə yetirmək vərdişinə çevrildikdə, gələcəkdə onun müstəqilliyinin formalaşmasına mane ola bilər.

Editor.az xəbər verir ki, bu barədə rusiyalı psixoloq Anastasiya Hendel danışıb.

Mütəxəssisin sözlərinə görə, valideynlər mütəmadi olaraq uşağın əvəzinə məsələ həll etdikdə, inşa yazdıqda, onun hər səhvini düzəltdikdə və ya düzgün cavabları diktə etdikdə, uşaq məsuliyyətin öz üzərində olmadığını düşünməyə başlayır.

Belə yanaşma uşağın şüurunda “nə isə alınmasa, problemi mənim əvəzimə həll edəcək biri tapılacaq” düşüncəsini formalaşdıra bilər.

Psixoloq qeyd edib ki, bu davranış modeli zaman keçdikcə yalnız dərslərlə məhdudlaşmır və uşağın həyatının digər sahələrinə də təsir göstərə bilər.

Belə uşaqlar gələcəkdə müstəqil qərar qəbul etməkdə, vaxtlarını planlaşdırmaqda, uğursuzluqların öhdəsindən gəlməkdə və məsuliyyət daşımaqda daha çox çətinlik çəkə bilərlər.

Yetkinlik dövründə isə bu vəziyyət özünə inamsızlıq, səhv etmək qorxusu və daim başqalarından məsləhət və təsdiq gözləmək şəklində özünü göstərə bilər.

Hendel vurğulayıb ki, uşağın öz səhvlərini etməsinə imkan verməmək onun öyrənmə prosesinə də mənfi təsir göstərir.

Onun sözlərinə görə, səhvlər təhsil prosesinin təbii hissəsidir. Uşağın etdiyi səhvləri təhlil etməsi düşünmə, yaddaş, diqqət və müstəqil həll yolu tapmaq bacarıqlarının inkişafına kömək edir.

Valideynlər hər dəfə prosesə müdaxilə etdikdə isə uşaq bu təcrübəni qazanmaq imkanından məhrum olur.

Psixoloq valideynlərin təhsildən tamamilə kənarda qalmasının da düzgün olmadığını bildirib. Onun fikrincə, valideynin rolu ev tapşırığını yerinə yetirən şəxs deyil, köməkçi olmaqdır.

Valideyn uşağa başa düşmədiyi mövzunu izah edə, çətin nümunəni onunla birlikdə nəzərdən keçirə, lazımi məlumatı haradan tapacağını göstərə, iş yerini təşkil etməsinə və tapşırıqları planlaşdırmasına kömək edə bilər.

Lakin son qərarı və tapşırığın həllini uşağın özünün tapması vacibdir.

Mütəxəssis valideynlərin yol verdiyi başqa bir səhvə də diqqət çəkib. Bəzi valideynlər uşağın aldığı hər qiymətə həddindən artıq reaksiya verir və ya işi tamamilə qüsursuz görünənədək dəfələrlə düzəldirlər.

Bu zaman uşaq yalnız ideal nəticənin dəyərli olduğu qənaətinə gələ bilər. Nəticədə istənilən səhv onda narahatlıq yarada, yeni tapşırıqlara qarşı qorxu formalaşdıra və öyrənməyə marağı azalda bilər.

Psixoloq bildirib ki, uşağın yaşından asılı olaraq ona göstərilən yardımın səviyyəsi də dəyişməlidir. Məsələn, birinci sinif şagirdinin daha çox dəstəyə ehtiyacı olduğu halda, yeniyetmə yaşına çatdıqca valideynin müdaxiləsi tədricən azalmalı və uşağa daha çox müstəqillik verilməlidir.

Mütəxəssisin fikrincə, valideynin əsas məqsədi uşağın əvəzinə işi görmək deyil, onun gələcəkdə həmin işi müstəqil şəkildə görə bilməsi üçün lazımi bacarıqları formalaşdırmaqdır.

//Gülnarə Abasova, Editor.az