Son illərdə mütəxəssislər yeniyetmələr arasında panik atak halları ilə daha tez-tez qarşılaşırlar. Psixoloqların fikrincə, bunun əsas səbəbi 14–15 yaş dövründə psixoloji yükün kəskin şəkildə artmasıdır.
Editor.az xəbər verir ki, bu barədə uşaq psixoloqu Anastasiya Gendel məlumat verib.
Mütəxəssisin sözlərinə görə, yeniyetməlik dövrü özü-özlüyündə insan həyatının ən həssas mərhələlərindən biridir. Məhz bu yaşlarda qarşıdan gələn imtahanlar, məktəbdə artan tələblər, ailədaxili təzyiqlər və gələcəklə bağlı narahatlıqlar formalaşmaqda olan psixikaya ciddi təsir göstərir. Nəticədə panik pozuntuların yaranma riski artır.
Psixoloq bildirib ki, panik ataklar sinir sisteminin fəaliyyətində yaranan pozuntular nəticəsində meydana çıxır:
“Bu zaman orqanizmin stressə uyğunlaşmasına cavabdeh olan “hipotalamus–hipofiz–böyrəküstü vəzilər” sistemi düzgün işləmir. Yeniyetmələrdə bu mexanizm daha həssas olduğundan stress faktorları onların sağlamlığına daha güclü təsir göstərə bilir. Bundan əlavə, serotonin, noradrenalin və GABA kimi neyromediatorların balansının pozulması panik atak simptomlarının yaranmasına səbəb olur.
Başgicəllənmə, nəfəs darlığı, güclü sinə ağrısı, həddindən artıq tərləmə, bədəndə titrəmə, arterial təzyiqin yüksəlməsi və əllərin qəfil soyuması kimi əlamətlər təcili psixoloji və ya tibbi yardımın lazım olduğuna işarə edə bilər”.
Gendelin sözlərinə görə, panik ataklar yalnız tutma zamanı yaranan narahatlıqla məhdudlaşmır:
“Vaxtında müalicə aparılmadıqda onlar depressiya, diqqət pozuntuları, sosial təcrid, hərəkət məhdudiyyəti və gələcəkdə əmək qabiliyyətinin azalması kimi ciddi nəticələrə gətirib çıxara bilər.
Panik atakın ilk epizodundan sonra belə mütəxəssisə müraciət etmək vacibdir. Müalicədə EMDR-terapiya, nəfəs məşqləri, koqnitiv-davranış terapiyası və bədənyönümlü terapiya kimi müasir metodlardan geniş istifadə olunur. Bu üsullar yeniyetmələrin stresslə mübarizə aparmasına və panik pozuntuların nəzarət altına alınmasına kömək edir”.
//Gülnarə Abasova, Editor.az

