Quba rayonunda hamilə qadının ölümü ilə nəticələnən hadisə baş verib.
Musavat.com xəbər verir ki, rayonun İqriq kənd sakini, 23 yaşlı, 5 aylıq hamilə Səbinə Feyzulla qızı Əmrahova Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
İddialara görə, gənc qadına antibiotik iynəsi vurulduqdan sonra onun vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Səbinə Əmrahovanın bir övladı qalıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, 15.07.2026-cı il tarixində saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.
Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.
Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”.

