“ABŞ dövlət katibi Marko Rubio Ermənistan ərazisində nadir torpaq materiallarını idarə etmək üçün sənəd alıb”.
Globalinfo.az xəbər verir ki, bunu ermənistanlı iqtisadçı Hrayer Kamendatyan deyib.
O bildirib ki, nadir torpaq metalları biotexnologiya və nanotexnologiya, nüvə və kosmik sənaye, eləcə də yaşıl enerji daxil olmaqla daha qabaqcıl texnologiyalara keçiddə əvəzolunmaz hala gələcək:
“Bu səbəbdən nadir torpaq metalları strateji əhəmiyyətli resurslar hesab olunur. Onların ölkədə mövcudluğu milli təhlükəsizliyin və texnoloji müstəqilliyin təmin edilməsi üçün vacibdir”.
İqtisadçı qeyd edib ki, neodim külək enerjisi avadanlıqlarının istehsalında mühüm rol oynayır:
“Bir meqavat gücündə bir külək turbini üçün təxminən 200 kiloqram neodim tələb edilir. Buna görə də beş belə qurğu üçün bir ton neodim tələb olunacaq. Ümumiyyətlə, neodim də daxil olmaqla nadir torpaq metallarına tələbat artacaq.
Bundan əlavə, neodim yüksək güclü maqnitlərin hazırlanmasında istifadə olunur. Bu maqnitlər pilotsuz uçuş aparatlarının (PUA) elektrik mühərriklərinin əsas hissələrindən biri hesab edilir”.
Kamendatyan iddia edib ki, ABŞ rəsmilərinin Ermənistanla son vaxtlar sürətlə müxtəlif sənədlər imzalamasının əsas səbəblərindən biri də məhz bu strateji resurslardır:
“Bu sənədlərin arxasında təsəvvür edilməyəcək qədər ağlasığmaz rəqəmlər dayanır. Rubio və ağaları Ermənistanla məhz bu səbəblərdən belə axmaq sənədlər imzaladılar. Ararat Mirzoyan (Ermənistanın xarici işlər naziri) Rubionun cəfəngiyatını uzun illər xatırlayacaq”.
Qeyd edək ki, iqtisadçının səsləndirdiyi fikirlər şəxsi mövqeyini əks etdirir və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, M.Rubio mayın 26-da Ermənistana səfər edib.


