Rusiyanın Tulsk vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya kombinatında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə OSINT (açıq mənbələr əsasında kəşfiyyat) təhlillərinə istinadən “Astra” məlumat yayıb.
Bildirilib ki, hadisə yerindən təxminən 4 kilometr məsafədə çəkilmiş videolarda müəssisə istiqamətindən qalxan tüstü və alov görünür. Yanğın faktı həmçinin NASA-nın temperatur anomaliyalarını izləyən FIRMS peyk sistemi tərəfindən də qeydə alınıb.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev pilotsuz uçuş aparatının qalıqlarının Novomoskovskdakı sənaye müəssisələrindən birinin ərazisinə düşdüyünü açıqlasa da, obyektin adını qeyd etməyib.
Məlumata görə, “Azot” Rusiyanın ən böyük ammonyak və azot gübrələri istehsalçılarından biridir. Müəssisədə mineral gübrələr, ammonyak, plastik və qatran məhsulları, xlor, kaustik soda, kalsium xlorid, yüksək təmizlikli azot turşusu, arqon və metanol istehsal olunur.
Eyni zamanda, Yaroslavl vilayətinin Rıbinsk şəhərində də pilotsuz uçuş aparatlarının hücumu qeydə alınıb. OSINT məlumatlarına əsasən, hücumun hədəfi Rusiya Dövlət Ehtiyatları Agentliyinin (Rosrezerv) tabeliyində fəaliyyət göstərən “Temp” kombinatı olub.
Şəhər üzərində qalın tüstünün müşahidə edildiyi bildirilir. Hadisədən sonra vilayət rəhbərliyinin göstərişi ilə Moskva istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Qeyd olunur ki, daha əvvəl də hücuma məruz qalan “Temp” kombinatı yanacaq ehtiyatlarının saxlanılması üçün istifadə edilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə Rusiyanın Krasnodar diyarında yerləşən dəniz terminalına da pilotsuz uçuş aparatları ilə hücum edilmiş və nəticədə ərazidə yanğın baş vermişdi.


