Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Caspian İnternational Hospital”a qarşı maliyyə sanksiyası tətbiq edib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, şirkət vergi, icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunub.
Buna görə də vergi orqanı tərəfindən “Caspian İnternational Hospital”a 22.448.745,97 manat əlavə vergi hesablanıb və 11.289.514,93 manat maliyyə sanksiyasının tətbiq edilib.
Bundan sonra şirkət vergi orqanına qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib və iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək qəbul edilən qərarın icrasının dayandırılması üçün qərardad qəbul edilməsini xahiş edib.
Vergi orqanı isə iddia ərizəsinə etiraz edərək, “Caspian İnternational Hospital”ın mübahisələndirilən qərarın icrasını dayandırmağa nail olmaqla vergi qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliyinin icrasından yayınmaqda ittiham edib.
Ali Məhkəməyə qədər uzanan prosesdə “Caspitan İnternational Hospital” tərəfindən bildirilib ki, mübahisələndirilən qərarın icrası olaraq şirkətin bank hesablarını dondurmaqla bağlı sərəncam qoyulub. Bu səbəbdən məkanın kommunal xidmətlərə olan ödənişlərini rəsmi şəkildə həyata keçirmək mümkün olmur və həmin xidmətlərin verilməsi dayandırılır.
Maraq üçün onu da bildirək ki, birinci instansiya məhkəməsi zamanı təqdim olunan məlumata əsasən xəstəxananın balansında xeyli əmlakın olduğu üzə çıxıb. Bu isə borcun ödənilmədiyi təqdirdə həmin əmlakların gələcəkdə hərrac qaydasında satılması üçün nəzərdə tutulub.
Birinci intansiya və Apellyasiya Məhkəməsi “Caspian İnternational Hospital”ın iddasını təmin etməsə də, şirkət istəyinə Ali Məhkəmədə çatıb.
Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmayıb, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilib. Buna görə də, şikayət təmin olunmalıdır.
Ali Məhkəmə qərarını belə əsaslandırıb ki, təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır.
Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı 400 nəfərdən artıq işçi qüvvəsinə malik tibb müəssisəsi olduğundan hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin pozulmasına, tibbi ləvazimatın alınmasında çətinliklər törədəcəyinə, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə səbəb olacaq.
Qeyd edək ki, rəsmi məlumata görə, hazırda “Caspian İnternational Hospital”ın 29 154 912.6 AZN vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Cəbrayıl Abbasov qeyd olunsa da, səhiyyə müəssisəsinin real sahibinin Şamo Fərzəlibəyov olduğuna dair məlumatlar yayılıb.
Məlumata görə, o, əvvəllər səhiyyə nazirinin müavini olmuş Elsəvər Ağayevin qudasıdır. Şamo Fərzəlibəyov eyni zamanda, “Badam Medical Center” və “Arash Medical Company” tibb şirkətinin rəhbəri olaraq da göstərilir.


