Lavrov-Rubio görüşünün pərdəarxası: Rusiya sülhə hazırlaşır, yoxsa zaman qazanır?backend

Lavrov-Rubio görüşünün pərdəarxası: Rusiya sülhə hazırlaşır, yoxsa zaman qazanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə ABŞ arasında yüksək səviyyəli təmasların davam etməsi, xüsusilə Ukrayna müharibəsi fonunda tərəflərin mövqelərini birbaşa müzakirə etməsi beynəlxalq gündəmin əsas istiqamətlərindən biri olaraq qalır. Sergey Lavrov və Marko Rubionun görüşü də bu baxımdan diqqət çəkir. Görüşdə səsləndirilən mövqelər həm Rusiya-Ukrayna müharibəsinin gələcək dinamikası, həm də ABŞ-Rusiya münasibətlərinin mümkün istiqamətləri baxımından mühüm mesajlar ehtiva edir. Azərbaycan üçün isə regionda gedən proseslərin beynəlxalq güclər arasındakı münasibətlərə təsiri, xüsusilə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik mühitinin qorunması baxımından əhəmiyyət daşıyır.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Sergey Lavrov həmişəki kimi Rusiyanın Ukraynaya qarşı işğal siyasətini siyasi riyakarlıqla təqdim etməyə çalışır:

“Yarım saatdan bir qədər çox davam edən görüşün nəticələrinə əsasən, onun gözlənildiyi qədər ciddi nəticə vermədiyi görünür. Alyaska görüşündə əldə edildiyi bildirilən razılaşmaların da əslində Rusiya tərəfinin bəyan etdiyi kimi olmadığı məlum oldu. Aydınlaşdı ki, Ankoricdə prezidentlər arasında konkret razılaşma əldə edilməyib. Tramp isə artıq öz qərarını verib. Rusiyanın dərinliklərində Ukraynanın zərbələr endirdiyi obyektlər və Krımda yaranmış vəziyyət Ukrayna tərəfinin müharibənin gedişatına təsir göstərə biləcək imkanlara malik olduğunu nümayiş etdirir. Tramp da bunu doğru yol hesab edir və buna görə Ukraynaya dəstək verir.

Bu vəziyyətdə Alyaska görüşündə müzakirə edilən və irəli sürülən təkliflər öz aktuallığını itirib. Hazırda müharibədə yeni situasiya yaranıb. Ukraynanın Rusiyanı sülhə məcbur etmək taktikası ABŞ tərəfindən də qəbul edilir. Lavrov isə sadəcə olaraq manevr etməyə çalışır. O, Rusiyanın vəziyyətində guya heç bir dəyişiklik baş vermədiyi görüntüsünü yaratmaq istəyir. Eyni zamanda, Avropanın Ukraynaya verdiyi dəstəyin mahiyyətini riyakarcasına dəyişdirməyə və Rusiyanın guya sülh istədiyi görüntüsünü formalaşdırmağa çalışır. Bununla yanaşı, Avropanın sülhə mane olduğunu göstərmək istəyir.

Amma hamı Rusiyanın çətin vəziyyətə düşdüyünü yaxşı başa düşür. Belə bir durumda kimsənin Rusiyaya yazığı gəlməyəcək. Üzdə hamı sülhdən danışsa da, Rusiyanın şirin dilinə heç kim inanmayacaq”.

 

//Gülnarə Abasova, Editor.az