Alimlər insan ömrünün bioloji baxımdan çata biləcəyi maksimum həddi müəyyənləşdiriblər. Hesablamalara görə, qocalmanın əsas prosesləri tibbi müdaxilə ilə əhəmiyyətli dərəcədə dayandırılsa belə, insan ömrünün nəzəri həddi təxminən 146–194 il arasında ola bilər.
Editor.az xəbər verir ki, araşdırma Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri aparıblar. Tədqiqatda insan orqanizmində yaş artdıqca baş verən somatik mutasiyalar – hüceyrələrin DNT-sində təsadüfi yaranan dəyişikliklər – əsas diqqət mərkəzində olub.
İnsan orqanizmi həyat boyu DNT-də yaranan zədələnmələrin böyük hissəsini bərpa edə bilir. Lakin zaman keçdikcə bəzi mutasiyalar hüceyrələrdə qalır və tədricən toplanır. Bu proses toxuma və orqanların fəaliyyətinə mənfi təsir göstərərək ölümə səbəb olan amillərdən birinə çevrilə bilər.
Tədqiqatçılar somatik mutasiyaları qocalmanın yeganə amili kimi nəzərə alan riyazi model hazırlayıblar. Hesablamalar göstərib ki, hüceyrələrin bərpa qabiliyyətinin zəifləməsi kimi digər yaşlanma prosesləri tamamilə aradan qaldırılsa belə, DNT-də toplanan zədələnmələr insan ömrünün maksimum həddini yenə də məhdudlaşdıra bilər.
Alimlər vurğulayırlar ki, 146–194 il göstəricisi konkret ömür proqnozu deyil. Söhbət yalnız nəzəri bioloji həddən gedir. Tədqiqatın məqsədi insan orqanizminin qocalma mexanizmlərini daha yaxşı anlamaq və gələcəkdə ömrün uzadılmasına yönəlmiş effektiv tibbi üsulların hazırlanması üçün hansı proseslərin daha dərindən öyrənilməli olduğunu müəyyənləşdirməkdir.
Araşdırmaya görə, müxtəlif toxuma və orqanlar da fərqli sürətlə qocalır. Məsələn, dəri və qaraciyər hüceyrələri daim yeniləndiyi halda, ürək və beyin hüceyrələri demək olar ki, əvəzlənmir. Buna görə də bəzi toxumalarda mutasiyaların daha sürətlə toplanması mümkündür.
Beləliklə, alimlərin qənaətinə görə, gələcəkdə tibb qocalmanın bir çox mexanizmini nəzarət altına ala bilsə belə, hüceyrələrdə DNT zədələnmələrinin toplanması insan ömrünün bioloji sərhədini müəyyən edən əsas amillərdən biri olaraq qala bilər.
//Gülnarə Abasova, Editor.az

