Rusiyanın Kirov şəhərində istehsal müəssisəsinə endirilən raket zərbəsi nəticəsində altı nəfər ölüb, daha 26 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatı Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov özünün sosial media hesablarında paylaşıb.
“Kirovda müəssisəyə hücum nəticəsində, təəssüf ki, 32 nəfər xəsarət alıb. Onlardan altısı hadisə yerində ölüb”, – deyə o yazıb və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Vilayət rəhbərinin sözlərinə əsasən, obyektdə baş verən yanğın artıq tam söndürülüb, şəhərin elektrik enerjisi və su təchizatı yenidən bərpa edilib.
Sokolov həmçinin bildirib ki, ətrafdakı yaşayış binalarında müayinələr aparılır və yoxlamaların yekunlarına uyğun olaraq zərərçəkmiş sakinlərə müvafiq köməkliklərin göstərilməsi üçün qərarlar veriləcək.

