Ermənistan Milli Assambleyasının 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri nəticəsində formalaşan IX çağırışı avqustun 2-də ilk iclasına başlayacaq. Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyanın açıqladığı məlumata görə, iclas yerli vaxtla saat 10:00-da keçiriləcək. Tarix Ermənistanın Seçki Məcəlləsi və Milli Assambleyanın Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq əvvəlki parlamentin səlahiyyət müddətinin başa çatdığı günə təyin edilib.

Musavat.com erməni KİV-nə istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyası IX çağırış Milli Assambleyanın ilk iclasına Bütün Erməni Katolikosu II Qaregini dəvət etməyib.
Müəllif bunu müstəqil Ermənistan tarixində ilk belə hal kimi qiymətləndirir. İndiyədək katolikosun xeyir-duası parlamentin fəaliyyətə başlamasının ayrılmaz hissəsi hesab olunurdu və bu mərasim dünyəvi hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında rəmzi birliyi ifadə edirdi.
Bu qərarın hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən gərginliyin növbəti mərhələsi olduğu iddia edilir. Bu addımların Ermənistan Konstitusiyasının dövlətlə kilsənin ayrılığını təsbit edən 17-ci maddəsinə, eləcə də Erməni Apostol Kilsəsinin erməni xalqının milli kimliyinin, mədəniyyətinin və mənəvi həyatının qorunmasındakı xüsusi rolunu tanıyan 18-ci maddəsinə zidd olduğu deyilir.
Bəllidir ki, II Qaregin barəsində cinayət işi açılıb və onun ölkədən çıxışına qadağa qoyulub. Eyni zamanda bir sıra yepiskoplar, arxiyepiskoplar və Ali Ruhani Şuranın katibi barədə də hüquqi tədbirlərin görüldüyü, bunun isə kilsənin beynəlxalq fəaliyyətinə mənfi təsir göstərdiyi vurğulanır.
İyulun 21-də Mərkəzi Seçki Komissiyası yeni parlamentin mandat bölgüsünü rəsmən təsdiqləyib. Nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası Milli Assambleyada 64 mandat əldə edib. Müxalifətdə yer alan “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb. Beləliklə, IX çağırış parlamentdə ümumilikdə üç siyasi qüvvə təmsil olunacaq.
![]()
Yeni parlamentin ilk iclasında deputatların səlahiyyətləri rəsmən qüvvəyə minəcək, parlament rəhbərliyinin – spiker və vitse-spikerlərin seçilməsi, daimi komitələrin formalaşdırılması və qanunverici orqanın fəaliyyətinin təşkilinə dair digər prosedur məsələlərinin müzakirəsi gözlənilir.
Yeri gəlmişkən, bu iclasdas Ruben Rubinyan spiker seçilməsi gözlınilir, amma bunun o qədər də rahat olmayacağı bəllidir. Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinin əsas simalarından biri hesab edilən Rubinyanın namizədliyinə Ermənistanda ciddi etirazlar var.
Hakimiyyətin əsas tənqidçiləri xüsusilə Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb. Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub. Bununla yanaşı, Sabancı Universitetinin yaranma tarixi və qurucuları barədə müxtəlif siyasi iddialar da gündəmə gətirilir.Rubinyan İrəvan Dövlət Universitetində, daha sonra London Universitet Kollecində (UCL) və Yagellon Universitetində təhsil alıb. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır.Yeri gəlmişkən, vitsde-spiker postuna müxalifətdə kimin namizəd olacağı da hələ ki açıq qalıb.
Musavat.com

