AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Şəki Regional Elmi Mərkəzi tərəfindən Şəki və ətraf şimal-qərb bölgələrinə təşkil edilən etnoqrafik ekspedisiyaların əsas elmi nəticələri xalq mədəniyyətinin qorunması və maddi irsin inventarlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekspedisiya zamanı arxaik folklor, ailə dəyərləri və sosial münasibətlər, məişət və geyim mədəniyyəti, sənətkarlıq ənənələri, multukultural mühit və dialektologiya istiqamətində tədqiqatlar aparılır. Əməkdaşlarımız ekspedisiya üzvləri ilə görüşərək onların rəy və fikirləri ilə maraqlanıb.
Ekspedisiya üzvləri Şəki üçün xarakterik olan şəbəkəçilik, təkəlduzluq, dulusçuluq və ipəkçilik sənətlərinin müasir vəziyyəti, nəsildən-nəslə keçmə mexanizmlərini geniş şəkildə öyrənir. Həmçinin Şəki və ətraf rayonların (Balakən, Qax) yaşlı sakinlərindən XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid qadın geyimləri, bəzək əşyaları və məişət qabları haqqında etnoqrafik məlumatlar toplayır və onların foto-fiksasiyası aparılır.
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İlhamə Məmmədova bildirib ki, Azərbaycanın zəngin məişət və mədəniyyətini öyrənmək və gələcək nəsillərə çatdırmaq istiqamətində ardıcıl iş aparılır: “Tarixi ənənə və müasirliyin öyrənilməsindən ötrü bir sıra şəhərlərimizə, məsələn Gəncə, Ordubad eyni zamanda Şəki şəhərinə ekspedisiyaya gəlmişik. Sevindirici haldır ki, xalqımız öz milli ənənələrinə, öz milli-mənəvi dəyərlərinə sadiqdir, onu qoruyub saxlayırlar. Xüsusilə biz Şəki şəhərində bir sıra sənətkarlarla görüşdük. Dulusçu, papaqçı, halvaçı, təkəlduz və şəbəkə ustaları ilə maraqlı söhbətlər etdik, əl işləri ilə tanış olduq və bir daha əmin olduq ki, bu ustalar öz ənənə və sənətlərinə sadiqdirlər. Bu da onu göstərir ki, Azərbaycan milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürülməkdədir”.
Regionda yaşayan müxtəlif azsaylı xalqların və etnik qrupların (məsələn, Nic kəndi və ətraf ərazilərdəki udi, saxur və s. icmaların) unikal etno-mədəni xüsusiyyətləri, toy və yas adətləri, eləcə də yerli mətbəx mədəniyyəti ekspedisiya üzvlərinin araşdırmaları sırasında öndə dayanan vacib mövzulardan sayılır.
Ekspedisiya rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun sözlərinə görə Azərbaycan xalqının ənənəvi və müasir məişətini öyrənmək məqsədilə təşkil edilən elmi araşdırmalar zamanı Şəkinin bir sıra yaşayış məntəqələrində Böyük Dəhnə, Suçma, Şin, Baş Layısqı kəndlərində etnoqrafik tədqiqatlar aparıblar. “Burada olduğumuz müddətdə biz bir sıra maddi-mədəniyyət nümunələri qeydə almışıq. Məsələn, Baş Layısqı kəndində yüzbaşı Surxayın evi diqqətimiz çəkdi. Tam olaraq onun bir maddi-mədəniyyət nümunəsi kimi qorunmağa ehtiyacı var. Biz onu müşahidə etdik, hazırda həmin yaşayış evi qəzalı vəziyyətə düşüb. Amma onun memarlığı bizim milli memarlığa töhfə verə biləcək qədər unikal bir sənət əsəridir”,- deyən ekspedisiya üzvü onu da əlavə edib ki, Şin kəndində tarixi su dəyirmanını da qeydə alıblar. Tahir müəllim deyir ki, hazırda su dəyirmanına adətən abidə kimi baxmırlar. Amma su dəyirmanı bizim dədə-babalarımızdan bizə yadıgar qalan, bizim məişət ənənələrimizi əks etdirən bir abidədir. Onların da qorunmağa ehtiyacı var.
Ekspedisiya üzvləri Şəkinin eləcə də şimal-qərb bölgəsinin şifahi xalq ədəbiyyatında qorunub saxlanılan mifoloji təsəvvürlər, inanclar və mövsüm mərasimləri haqda da etnoqrafik kontekstdə təhlil aparıblar.
Ekspedisiyanın digər bir üzvü Gülnar Tağıyeva Kiş kəndində apardığı müşahidələrə əsaslanaraq bildirib ki, müasir tikililərdə əsasən tarixi-etnoqrafik xüsusiyyətlər və milli ənənələr çox az sayda qorunub saxlanılır. Lakin qədim yaşayış məntəqəsində əksər evlərdə milli-memarlıq üslubuna daha çox rast gəlmək mümkündür. “Çox sevindirici haldır ki, Şəkinin Kiş kəndindəki yaşayış yerlərində qədim məişət əşyalarının, qədim ənənələrin qorunub saxlandığının yaxından şahidi olduq. Qorunub saxlanılan bu qədim əşyalar bizim tariximizin, milli kimliyimizin canlı sübutudur”,- deyən Gülnar Tağıyeva onu da əlavə edib ki, bütün bunlar əsasən xarici turistlər üçün maraqlı mənbədir.
Ekspedisiya üzvləri onu da bildirib ki, bölgənin dağ kəndlərində uzunömürlü ailə modelləri, nəsillərarası bağlılıq və regional icma daxili idarəetmə ənənələri öyrənilir və müasir sosioloji-etnoloji vəziyyəti qiymətləndirilir. Ekspedisiya zamanı əldə edilən nadir eksponatların isə institutun nəzdində gələcəkdə yaradılacaq Etnologiya Muzeyində nümayiş etdirilməsi nəzərdə tutulur.


