Tanınmış plastik cərrah Mübariz Məmmədli sertifikasiya şəhadətnaməsinin ləğv olunmasından danışıb.
O, “Yeni Sabah”a açıqlamasında deyib ki, məsələ ilə bağlı hüquqi prosedurlar tam yekunlaşmayıb.
“Bildirmək istəyirəm ki, sertifikasiya şəhadətnaməmin ləğvi ilə bağlı qərarın qanuniliyi məhkəmə mübahisəsinin predmetidir və bu məsələyə yekun hüquqi qiymət hələ verilməyib. Buna baxmayaraq, bəzi media orqanlarında sanki məsələ tam həll olunmuş kimi təqdim edilir ki, bu da ictimaiyyətdə yanlış fikir formalaşdırır”, – həkim bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycanı tərk edib və hazırda Avropada fəaliyyət göstərir:
“Hazırda Avropada plastik cərrah kimi işləyirəm, beynəlxalq tibbi tədbirlərə, elmi konfranslara, tədris proqramlarına qatılıram. Peşəkar fəaliyyətim beynəlxalq səviyyədə davam etdiyi halda, Azərbaycanda həkimlərə qarşı aparılan qeyri-şəffaf və mübahisəli qərarlar ölkənin tibb sisteminin nüfuzuna mənfi təsir göstərir”.
M.Məmmədli bildirib ki, hüquqlarını qorumaq üçün bütün qanuni imkanlardan istifadə edəcək:
“Təəssüf ki, son illərdə yaranmış vəziyyət bir çox təcrübəli həkimlərin ölkədən kənarda fəaliyyət göstərməsinə səbəb olub. Əgər peşəkarların hüquqları qorunmasa və qərarlar şəffaf hüquqi əsaslarla qəbul edilməsə, Azərbaycan gələcəkdə də dəyərli tibbi kadrlarını itirmək riski ilə üzləşə bilər. Mən hüquqlarımın müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə etməyə davam edəcəyəm və məhkəmənin obyektiv qərar verəcəyinə inanıram”.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Mübariz Məmmədlinin plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinin ləğv edildiyi, həmçinin məhkəmələrin onun bu qərarın ləğvi ilə bağlı iddiasını təmin etmədiyi bildirilmişdi.


