Sosial şəbəkələrdə “Sevgi evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımovanın saxlanıldığına dair məlumat yayılıb.
“Bakupost” xəbər verir ki, iddialarla bağlı hələlik rəsmi açıqlama yoxdur.
Məsələ ilə bağlı sığınacaqla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
“Bakupost” Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Qeyd edək ki, ötən aylarda sığınacaqda qaldığı iddia olunan uşaqlarla bağlı sosial mediada yayılan görüntülərdə onların işgəncəyə məruz qaldığı, ac saxlanıldığı iddia edilirdi. Könül Qasımova isə saytımıza açıqlamasında bu ittihamları təkzib etmişdi.
Xatırladaq ki, 10 may 2022-ci ildə dövlət qurumlarının iştirakı ilə sığınacaqda keçirilən monitorinq zamanı uşaqların bədənində xəsarət izləri aşkarlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, 2022-ci ilin fevral-may aylarında sığınacaqda saxlanılan C.M. (şərti ad) psixi və fiziki zorakılığa məruz qalıb. O, həmçinin digər azyaşlılara qarşı zorakılıq hallarının şahidi olub. Bundan başqa, sığınacaqda saxlanılan daha iki azyaşlının bədənində də həmin dövrə aid xəsarət izləri aşkar edilib.

