Tarixin axarını dəyişən 15 İyun: O gün əslində nə baş verdi?- Deputatlardan AÇIQLAMAbackend

Tarixin axarını dəyişən 15 İyun: O gün əslində nə baş verdi?- Deputatlardan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu tarix ölkənin mürəkkəb siyasi və ictimai şəraitdən çıxaraq sabitlik, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və gələcək inkişaf yoluna qədəm qoyması ilə əlaqələndirilir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında dönüş nöqtəsi kimi qiymətləndirilir və sonrakı dövrdə dövlət institutlarının gücləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası istiqamətində atılan addımların başlanğıcı hesab olunur.

Bu gün Azərbaycan cəmiyyətində Milli Qurtuluş Günü dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birliyin qorunması və müstəqilliyin inkişafı ilə bağlı simvolik məna daşıyır. Məqaləmizdə 15 İyunun tarixi əhəmiyyəti fonunda Milli Məclis deputatlarının bu günün ictimai-siyasi və tarixi əhəmiyyəti ilə bağlı fikirlərini təqdim edirik.

Millət vəkili Göydəniz Qəhrəmanov Editor.az-a açıqlamasında bildirib ki, artıq 33 ildir ki, ölkəmizdə hər il 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü böyük ruh yüksəkliyi ilə qeyd olunur:

“1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ikinci dəfə öz üzərinə götürməsi xalqın və dövlətin müqəddəratını həll edəcək tarixi zərurət idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, ölkənin hərtərəfli inkişafının əsasını qoydu. Həmin dövrdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradıldı və xarici investisiyaların cəlb edilməsinə imkan verən hüquqi baza formalaşdırıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəliş strategiyasını gücləndirdi. Eyni zamanda, ordu quruculuğu sahəsində mühüm addımlar atılaraq nizami və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Təhlükəsizlik sahəsində isə dövlət institutları gücləndirildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik təmin olundu və hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, daxili sabitliyin bərqərar olmasına və gələcək inkişaf üçün etibarlı zəminin yaranmasına xidmət etdi”.

Fikirlərini davam etdirən deputat daha sonra qeyd edib ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi möhtəşəm tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirən əsas amillərdən biridir: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin bir tərəfdən respublikada formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən də erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi və 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Cənab Prezident İlham Əliyevin son dərəcə uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz hazırda Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısı olmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün dünyada Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır”.

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a bildirib ki, Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyini dəyişən, dövlət müstəqilliyini qoruyub saxlayan və ölkəni inkişaf yoluna çıxaran dönüş nöqtəsidir:

“Bu tarix dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsinin simvoludur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkədə sosial-iqtisadi böhran dərinləşir, dövlət institutları isə yeni şəraitdə fəaliyyət göstərməkdə çətinlik çəkirdi. Belə bir zamanda ölkəyə peşəkar idarəçilik, milli maraqlara söykənən siyasət və güclü liderlik lazım idi. Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü üzərinə düşən tarixi məsuliyyəti yerinə yetirə bilmədi. Dövlət idarəçiliyində yol verilən ciddi səhvlər, hakimiyyət daxilindəki qarşıdurmalar, orduda vahid komandanlığın olmaması və iqtisadi tənəzzül ölkəni dərin böhran vəziyyətinə sürüklədi. Dövlətçiliyin dayaqları zəifləyir, ölkə faktiki olaraq idarəolunmaz hala gəlirdi.

Cəbhədə vəziyyət getdikcə ağırlaşır, strateji ərazilər bir-birinin ardınca itirilirdi. Daxildə isə müxtəlif silahlı qrupların fəallaşması və mərkəzi hakimiyyətə tabe olmaması ölkədə anarxiyanı daha da gücləndirirdi. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri Azərbaycanın vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qaldığını açıq şəkildə göstərdi. Ayrı-ayrı bölgələrdə separatçı meyillərin güclənməsi dövlətin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.

Məhz belə bir taleyüklü məqamda xalqın diqqəti və ümidi böyük dövlət xadimi Heydər Əliyevə yönəldi. Azərbaycanın xilası naminə Bakıya dəvət olunan Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonrakı hadisələr göstərdi ki, bu qərar Azərbaycanın gələcəyini müəyyənləşdirən tarixi seçim idi”.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə sabitliyin təmin olunmasına başlanıldı:

“Vətəndaş qarşıdurmasının, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət idarəçiliyi sistemi bərpa edildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmağa başladı, ölkənin milli maraqlarına əsaslanan xarici siyasət kursu formalaşdırıldı. Qısa müddət ərzində ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi islahatlara start verildi və inkişafın möhkəm təməli yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu, ölkənin beynəlxalq enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə artırdı. Milli Qurtuluşdan başlanan inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi gücü və beynəlxalq nüfuzu artdı, müasir ordu quruculuğu həyata keçirildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər işğala son qoydu, 2023-cü ildə isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Milli Qurtuluşdan başlayan dövlətçilik yolunun uğurlu nəticələrini nümayiş etdirir. Vaxtilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.

Tarixin gedişatı bir daha sübut etdi ki, 15 İyun 1993-cü ildə qəbul edilən qərar Azərbaycanın dövlətçilik taleyini müəyyənləşdirən ən mühüm seçimlərdən biri olub. Həmin günün yaratdığı siyasi sabitlik və strateji inkişaf xətti ölkəmizi dərin böhrandan güclü dövlətə, işğal faktı ilə üzləşən ölkədən ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib Azərbaycana çevirdi. Milli Qurtuluş Günü bu baxımdan təkcə keçmişə ehtiram deyil, həm də bu günün uğurlarının və gələcəyin təminatının rəmzidir”.

//Gülnarə Abasova, Editor.az