Çinli alimlər Alzheimer xəstəliyinin ən erkən əlamətlərindən birini izah edə biləcək yeni mexanizm aşkarlayıblar.
Editor.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, qoxu hissinin zəifləməsi xəstəliyin yaddaş və düşünmə problemləri meydana çıxmazdan bir neçə il əvvəl özünü göstərə bilər.
Tədqiqat zamanı məlum olub ki, qoxuların tanınması və onlarla bağlı xatirələrin formalaşmasına cavabdeh olan beyin bölgələri arasında siqnal ötürülməsi erkən mərhələdə zəifləyir. Bu dəyişikliklər əvvəlcə yüngül koqnitiv pozğunluğu olan insanlarda funksional maqnit-rezonans tomoqrafiyası məlumatlarının təhlili zamanı aşkar edilib.
Alimlər daha sonra genetik olaraq Alzheimer modeli yaradılmış siçanlar üzərində təcrübələr aparıblar. Müşahidələr göstərib ki, həmin beyin sahələrində sinir hüceyrələrinin fəaliyyəti və onların qarşılıqlı əlaqəsi pozulur, nəticədə heyvanların qoxuları xatırlamaq qabiliyyəti zəifləyir. Optogenetika üsulu ilə bu əlaqə stimullaşdırıldıqdan sonra isə qoxuların xatırlanması bərpa olunub və yaddaşın pisləşməsi prosesi yavaşıyıb.
Tədqiqat müəllifləri hesab edirlər ki, qoxu hissi ilə bağlı bu dəyişikliklər gələcəkdə Alzheimer xəstəliyinin erkən diaqnostikası üçün yeni biomarker rolunu oynaya bilər. Bununla belə, onlar vurğulayırlar ki, nəticələr hələlik əsasən heyvan modellərində əldə olunub və insanların üzərində əlavə araşdırmaların aparılması zəruridir.
//Gülnarə Abasova, Editor.az


