İran xarici hərbi qüvvələrə çağırış etdi: “Sərhədlərimizdən uzaqlaşın”backend

İran xarici hərbi qüvvələrə çağırış etdi: “Sərhədlərimizdən uzaqlaşın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi ölkə sərhədləri yaxınlığında yerləşən xarici hərbi qüvvələri bölgəni tərk etməyə çağırıb.

Editor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edərək bölgədə gərginliyin artması fonunda təhlükəsizlik risklərinə diqqət çəkib.

Əraqçinin sözlərinə görə, İran ərazisinin yaxınlığında yerləşən xarici hərbi qüvvələr istənilən anda insan səhvi, təsadüfi hadisələr və ya qarşıdurmaların təsiri ilə təhlükə ilə üzləşə bilər. Nazir bildirib ki, risklərin minimuma endirilməsi üçün ən düzgün addım həmin qüvvələrin mümkün qədər tez bölgəni tərk etməsidir.

İranlı diplomat həmçinin vurğulayıb ki, Tehran diplomatiyaya üstünlük verir, lakin zərurət yaranacağı təqdirdə fərqli üsullarla da cavab verməyə hazırdır. O, Hörmüz boğazının beynəlxalq sular olmadığını və ABŞ sahillərindən minlərlə kilometr uzaqda yerləşdiyini də xatırladıb.

Bəyanat ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı üzərində ABŞ-ın AH-64 Apache hərbi helikopterinə qarşı guya İran tərəfindən hücum edildiyi iddiasına münasibətindən sonra səsləndirilib. Tramp hadisəyə cavab veriləcəyini bildirsə də, helikopterdə olan pilotların xəsarət almadığını açıqlayıb. Bundan əvvəl yayılan məlumatlarda isə helikopterin qəzaya uğradığı, hadisənin səbəbinin texniki nasazlıq və ya mümkün hücum olub-olmadığının araşdırıldığı qeyd edilmişdi.

//Gülnarə Abasova, Editor.az