İsrail rəsmiləri hesab edir ki, imzalanması gözlənilən ABŞ-İran razılaşması İsrailin maraqlarına zərər verir, Tehranın nüvə və raket proqramlarının yaratdığı təhlükəni aradan qaldırmır.
Bu, Ynet-in hazırladığı materialda yer alıb.
Bir rəsmi nəşrə bildirib ki, İsraildə razılaşma ilə bağlı ciddi narahatlıqlar var. Ölkənin ən böyük narahatlığı Təl-Əvivin sənədin məzmununa heç bir təsirinin olmamasıdır: “Onun səsi eşidilmir. Bu, pis bir razılaşmadır. Heç kim bundan məmnun deyil. Hamı başa düşür ki, bu, bizim üçün pisdir və İsrailin maraqlarına zərər verir”.
Başqa bir İsrail rəsmisi daha da sərt şəkildə “Tramp bizi məyus etdi” deyib. Üçüncü bir rəsmi isə razılaşmanın regionda İranın təzyiqi və ABŞ güzəştlərinin nəticəsi kimi qəbul edildiyini bildirib.
O, həmçinin razılaşmanın davam edəcəyinə şübhə ilə yanaşdığını deyib: “Ən azından bölgəmizdə əhval-ruhiyyə belədir və buna görə də razılaşma – ən azından qısa müddətdə – uğursuz hesab ediləcək. Həm razılaşmanın imzalanmasına, həm də davamlılığına şübhə ilə yanaşıram”.
Ynet həmçinin bu mövzu ilə bağlı daha ətraflı ikinci məqalə dərc edib. Nəşr qeyd edir ki, tərəflərin imzalamaq niyyətində olduğu mövcud çərçivə razılaşması İsrailin hərbi əməliyyatının əvvəlində müəyyən etdiyi prinsiplərin heç birinə uyğun gəlmir.
Xüsusilə razılaşmada İranın raket proqramı ilə bağlı heç bir əsaslı müddəa yoxdur, İranın dəstəkçi regional şəbəkəsinin ləğvini tələb etmir və rejim dəyişikliyi məsələsinə toxunmur.
Nüvə məsələsi ilə bağlı bir nüans da var. ABŞ onun aradan qaldırılması və məhv edilməsindən, İran isə yalnız durulaşdırmadan danışır. Buna görə də, gələcəkdə, bəlkə də Trampın vəzifədən getməsindən sonrakı gün, rejimin nüvə silahları uğrunda yarışı tez bir zamanda bərpa edə biləcəyi ilə bağlı narahatlıq var.
Rəsmilər Trampın müharibəni tez bir zamanda bitirmək və əhəmiyyətli diplomatik nailiyyət nümayiş etdirmək istədiyini düşünürlər. Nəticədə, ABŞ İsrailin milli təhlükəsizliyi üçün vacib hesab etdiyi məsələlərdə güzəştə getməyə hazırdır.
İsrail üçün digər narahatedici məsələ iqtisadi məsələdir. Xüsusilə İran aktivləri ərzaq və dərman almaq üçün blokdan açılsa belə, İran neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması rejimin xəzinəsinə milyardlarla dollar əlavə edə bilər.
Musavat.com


