İran Cənubi Koreyaya sərt xəbərdarlıq edib.
Tehran ABŞ-nin rəhbərlik etdiyi hərbi fəaliyyətlərə dəstək verəcəyi təqdirdə Seulun bunu İrana qarşı müharibədə birbaşa iştirakı kimi qiymətləndirəcəyini bildirib.
Yerli mətbuata açıqlama verən iranlı rəsmi qeyd edib: “ABŞ-nin hərbi əməliyyatlarına istənilən formada qoşulmaq İrana qarşı aparılan müharibədə birbaşa iştirak deməkdir”.
Bu açıqlama Vaşinqtonun Cənubi Koreyaya Hörmüz boğazında dəstək göstərməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxtda səslənib.
ABŞ prezidenti Donald Trampın həftələrdir davam edən təzyiqlərinin ardından Cənubi Koreya hökumətinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazına dəniz dəstək gəmisi və patrul təyyarəsi göndərilməsi ehtimalını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, mümkün missiya çərçivəsində təxminən 150 nəfərlik şəxsi heyətin bölgəyə göndərilməsi planlaşdırılır.
Seul daha əvvəl Vaşinqtonun bu istiqamətdəki çağırışlarına ehtiyatlı yanaşırdı. Lakin ABŞ-nin Cənubi Koreyaya verdiyi təhlükəsizlik təminatları ilə bağlı artan narahatlıqların hökumətin mövqeyində dəyişiklik yaratdığı və Seulun bu məsələdə geri addım atmağa başladığı iddia edilir.
Məsələ ilə bağlı parlament təsdiqinin ay ərzində gündəmə gətirilə biləcəyi bildirilir. Bununla belə, Cənubi Koreya Prezident Administrasiyası hələlik belə bir qərarın qəbul edilmədiyini və yekun mövqenin müəyyənləşmədiyini açıqlayıb.
Musavat.com

