Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdirbackend

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Şurası İctimai Birliyi hicab məsələsinin ictimai-siyasi məqsədlər üçün istifadə olunması və bu mövzu ətrafında cəmiyyətdə gərginlik yaradılması cəhdlərindən narahatlığını bildirib.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun yaydığı bəyanatda Azərbaycanın dünyəvi dövlət olduğu, ölkədə vicdan və dini etiqad azadlığının qanunvericiliklə qorunduğu vurğulanıb. Həmçinin müxtəlif dini inanclara sahib insanların birgə və dinc şəraitdə yaşamasının ölkədəki tolerantlıq mühitinin əsas xüsusiyyətlərindən biri olduğu qeyd edilib.

Bəyanatda dini inanclardan və geyim seçimindən siyasi məqsədlərlə yararlanaraq cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinin yolverilməz olduğu bildirilib. Qurum bu cür yanaşmaların gənclərin dünyagörüşünə təsir göstərmək və ölkənin maraqlarına zidd gündəmləri aktuallaşdırmaq məqsədi daşıya biləcəyini vurğulayıb.

Təhsil Şurası ölkəyə xarici maliyyə və müxtəlif layihələr vasitəsilə təsir göstərilməsi, ictimai sabitliyin pozulmasına yönələn təşəbbüslərlə bağlı da mövqeyini açıqlayıb. Bəyanatda belə cəhdlərin cəmiyyətin həmrəyliyi və dövlətin qətiyyətli mövqeyi qarşısında nəticəsiz qalacağı bildirilib.

Qurum Azərbaycan təhsilinin milli və dünyəvi dəyərlər üzərində formalaşdığını diqqətə çatdırıb. Qeyd olunub ki, məktəblər və universitetlər siyasi mübarizə, xarici təsirlər və radikal çağırışlar üçün platformaya çevrilməməlidir. Təhsil Şurası dini məsələlərin siyasiləşdirilməsinə və dövlətin əsas prinsiplərinə qarşı istifadə olunmasına etiraz edib.

Bəyanatda xarici investorlar və onların yerli tərəfdaşlarına da müraciət ünvanlanıb. Onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə, cəmiyyət üçün həssas olan mövzulardan istifadə etməklə sabitliyə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırılıblar.

Təhsil Şurası müəllimləri, ziyalıları, tələbələri və valideynləri də ictimai proseslərə həssas yanaşmağa, milli həmrəyliyin və dövlətçilik maraqlarının qorunmasına töhfə verməyə dəvət edib.

Bəyanatın sonunda Azərbaycanın gələcəyinin xarici dairələrin planlarından deyil, ölkənin müstəqil inkişafından, təhsilin tərəqqisindən və gənclərin elmi-intellektual potensialının gücləndirilməsindən asılı olduğu vurğulanıb.