Xəzər rayonunda payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işləri, eləcə də küçə və prospektlərdə aşkarlanan nöqsanların aradan qaldırılması məsələləri müzakirə olunub.
Editor.az-ın Bakı Şəhər İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, Xəzər Rayon İcra Hakimiyyətində bu istiqamətlər üzrə görülən işlərin vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib.
Toplantıda rayonun kommunal-təsərrüfat sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri, qəsəbə və inzibati ərazi dairələri üzrə nümayəndələr, həmçinin bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov görülən işləri təhlil edib, rayonun memarlıq və estetik görünüşünə mənfi təsir göstərən problemlərə, o cümlədən qəzalı tikililərin vəziyyətinə diqqət çəkib. Aşkarlanan nöqsanlarla bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Nəzarətin lazımi səviyyədə təşkil edilməməsi və ərazilərdəki çatışmazlıqlara görə Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət elan olunub. Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq edilib.
Bundan əlavə, digər qəsəbələrin nümayəndələrinə də fəaliyyətlərinə daha ciddi yanaşmaq, müəyyən edilmiş problemləri qısa müddətdə aradan qaldırmaq və ərazilərdə təmizlik, abadlıq işlərinə nəzarəti gücləndirmək tapşırılıb.
Məsul şəxslərdən gələcəkdə oxşar nöqsanların təkrarlanmaması üçün zəruri tədbirlər görmək tələb olunub.


