Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı bir həftə ərzində yüzlərlə mina və partlayıcı hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Editor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) oktyabrın 5-dən 11-dək görülən işləri əhatə edən həftəlik hesabatında bildirilib.
Hesabata əsasən, qeyd olunan müddətdə ərazilərdə 34 tank əleyhinə mina, 327 piyada əleyhinə mina və 624 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, bir həftə ərzində ümumilikdə 985 mina və 624 digər partlayıcı hərbi sursat təhlükəsiz vəziyyətə gətirilib.
Eyni zamanda, minatəmizləmə qrupları tərəfindən 1239,1 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Əməliyyatlar ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilib.
Minatəmizləmə işləri Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını əhatə edib. Bundan başqa, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində də müvafiq tədbirlər görülüb.

