İranın daxili işlər naziri Eskəndər Momeni Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik məsələləri və sərhəd əlaqələrinin inkişafı müzakirə olunacaq.
Editor.az xəbər verir ki, İranın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Momeni Azərbaycana daxili işlər naziri Vilayət Eyvazovun dəvəti ilə gəlib. Rəsmi səfər zamanı iranlı nazirin bir sıra görüşlər keçirməsi və ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparması nəzərdə tutulur.
Nümayəndə heyətinə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Hüseyn Sacediniya, Ərdəbil valisi Məsud İmami Yeganə, Gilan vilayətinin valisi Hadi Haqşenas, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Yaqub Rezazadə, həmçinin daxili işlər nazirinin müşavirləri Həmid Xacenejad və Mehdi Cavahiri daxildirlər.
Qeyd edək ki, ötən ay Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Həmin səfər zamanı İranın yüksək vəzifəli rəsmiləri ilə geniş tərkibli görüşlər keçirilib.
Danışıqlarda İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və digər rəsmilər iştirak ediblər. Görüşlərdə Azərbaycan-İran münasibətlərinin aktual məsələləri və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

