İtaliyada Ukraynaya hərbi yardım məsələsi ölkənin siyasi gündəmini müəyyən edən əsas mövzulardan birinə çevrilib. Politico nəşrinin yazdığına görə, Kiyevə dəstəyin davam etdirilməsi həm sol, həm də sağ siyasi düşərgələrdə ciddi fikir ayrılığı yaradıb və bu məsələ növbəti parlament seçkilərinin nəticələrinə əhəmiyyətli təsir göstərə bilər.
Nəşrin məlumatına əsasən, Ukrayna ilə bağlı mövqelər artıq ənənəvi siyasi sərhədləri aşaraq partiyaların daxilində də parçalanmaya səbəb olur. Bir tərəf Kiyevə hərbi yardımın davam etdirilməsinin vacibliyini müdafiə etdiyi halda, digər tərəf münaqişənin diplomatik yollarla həllinə üstünlük verilməsi və silah tədarükünün məhdudlaşdırılması çağırışları edir.
Politico hesab edir ki, Ukrayna məsələsi qarşıdakı seçkilər ərəfəsində İtaliyada siyasi debatların əsas mövzularından biri olacaq və ölkənin gələcək xarici siyasət kursuna ciddi təsir göstərə bilər.
//Samir Qurbanov, Editor.az

