ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Vaşinqton-Kiyev münasibətlərinin gələcək istiqaməti beynəlxalq siyasi dairələrdə geniş müzakirə olunur. Donald Trampın Ukrayna məsələsinə yanaşması və Qərbin dəstək siyasətində müşahidə olunan dəyişikliklər fonunda Kiyev yeni təhlükəsizlik strategiyası formalaşdırmağa çalışır. Bu kontekstdə Ukraynanın həm xarici tərəfdaşlarla münasibətlərini yenidən balanslaşdırması, həm də müdafiə sənayesində öz imkanlarını artırmağa yönəlməsi diqqət çəkən tendensiyalar sırasındadır.
AĞ Partiyasının sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, burada diqqət çəkən əsas məqamlardan biri Zelenski hakimiyyətində son hadisələrdən sonra müəyyən reallıq anlayışının formalaşmasıdır:
“Yaxın Şərqdə, xüsusilə İsrail ətrafında baş verən proseslər göstərdi ki, Donald Tramp öz siyasi məqsədləri naminə ən yaxın müttəfiqlərinin belə etirazlarını nəzərə almadan onları ‘qurban verə’ bilir. İsrail tərəfinin narazılığına baxmayaraq, Vaşinqtonun dəstəklədiyi razılaşma mətninin qəbul olunması Kiyevdə də diqqətlə izlənildi.
Ukrayna rəhbərliyi artıq anlayır ki, Tramp administrasiyası dövründə ABŞ-dan əvvəlki illərdə olduğu kimi genişmiqyaslı siyasi və hərbi dəstək gözləmək real deyil. Məhz buna görə də Kiyev alternativ yollar axtarmağa, xüsusilə öz müdafiə sənayesini inkişaf etdirməyə və silah istehsalında daha müstəqil olmağa çalışır. Bu, seçimdən daha çox zərurətdən irəli gələn addımdır.
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi artıq beşinci ilinə qədəm qoyub. Müharibənin ilk mərhələlərində Ukraynanın Qərbin yardımına həyati ehtiyacı var idi və həmin dövrdə göstərilən dəstək gözlənilən səviyyədə olmasa da, etiraf edilməlidir ki, ölkənin ayaqda qalmasında mühüm rol oynadı. Lakin zaman keçdikcə Kiyevdə belə bir qənaət formalaşıb ki, Avropa ölkələri Ukraynanın qələbəsindən daha çox onun məğlub olmamasında maraqlıdırlar. Yəni Qərb Rusiyanın irəliləməsinin qarşısını almaq üçün kifayət qədər yardım göstərir, lakin müharibənin Ukraynanın xeyrinə qəti şəkildə yekunlaşmasını təmin edəcək səviyyədə addımlar atmır”.
Şərhçi hesab edir ki, ABŞ-Ukrayna münasibətləri yaxın perspektivdə kəskin şəkildə pisləşməyəcək:
“Hətta müəyyən fikir ayrılıqları yaransa belə, Kiyev Vaşinqtonla münasibətləri pozmaq niyyətində olmayacaq. Çünki Ukrayna rəhbərliyi yaxşı anlayır ki, ABŞ-ın siyasi, maliyyə və hərbi imkanları hələ də ölkənin təhlükəsizliyi baxımından əvəzolunmaz əhəmiyyət daşıyır.
Eyni zamanda, Ukrayna hakimiyyəti artıq Trampdan sonrakı dövrü də nəzərə alır. ABŞ-da növbəti prezident seçkilərinin nəticələri diqqətlə izlənilir və Kiyevdə hesab edirlər ki, gələcəkdə Bayden administrasiyasının siyasətinə daha yaxın mövqe sərgiləyən bir rəhbərlik hakimiyyətə gələ bilər. Bu səbəbdən Zelenski komandası hazırkı mərhələdə bir tərəfdən münasibətləri qorumağa, digər tərəfdən isə ABŞ-dan asılılığı azaltmağa çalışır. Məhz bu yanaşma Ukraynanın son dövrdə həyata keçirdiyi siyasətin əsas məntiqini təşkil edir”.
//Gülnarə Abasova, Editor.az


