“ABŞ və İran müharibənin dayandırılması ilə bağlı razılıq əldə ediblər. Tərəflər yalnız müvafiq sənədləri imzalamalıdırlar”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
“Biz indicə İranla müharibəni dayandırmaq barədə çox yaxşı razılıqlar əldə etdik. Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu, bir neçə gün ərzində həyata keçirilməlidir”, – deyə o bildirib.
ABŞ lideri qeyd edib ki, razılaşmaların imzalanması artıq bu həftəsonu baş tuta bilər.
“Biz razılaşmanı imzalayan kimi Hörmüz boğazı rəsmən açılacaq. Bu isə tezliklə, çox tezliklə baş verə bilər. Ola bilsin ki, bu, istirahət günlərində, Avropada baş tutsun. Mən orada olmayacağam, lakin ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens iştirak edəcək”, – deyə Tramp vurğulayıb.
Məlumata görə, İran nümayəndələri bu həftə Qətər vasitəçiləri ilə ABŞ-yə sülh sazişinin son variantını təqdim ediblər. Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Qətər İran nümayəndələri ilə keçirilən görüşlər zamanı sənəddə qalan bir neçə problemli bəndin həllinə yardım göstərib. Bunlar arasında gələcək nüvə proqramı üzrə danışıqların formatı və İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların yumşaldılması məsələləri də yer alıb.


