Üç liderin Paşinyana gecikən təbriki – Onlar NİYƏ susur?backend

Üç liderin Paşinyana gecikən təbriki – Onlar NİYƏ susur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı son seçkilər, hakim elitanın gözləntilərinin əksinə olaraq, ölkəyə çoxdan gözlənilən daxili siyasi sabitliyi gətirmədi, əksinə sistem böhranını daha da dərinləşdirdi. Səsvermədən iki həftə sonra İrəvanın əsas geosiyasi qonşuları və tərəfdaşları – Rusiya, Çin və İran – diqqətəlayiq diplomatik sükut saxlamağa davam edirlər.

Vladimir Putin, Si Cinpin və Müctəba Xameneinin hələ də Nikol Paşinyana qələbəsi münasibətilə ənənəvi təbriklər göndərməməsi rəsmi etiketdən çox kənara çıxır.

Bu barədə alphanews.am öz təhlilində yazır. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Pekin, BMT Təhlükəsizlik Şurasının digər daimi üzvü və regional təhlükəsizliyin əsas qarantı kimi Moskva və sərhədlərindəki hər hansı bir dəyişikliyə son dərəcə həssas olan Tehran üçün yeni Ermənistan hökumətinin legitimliyi ciddi şübhə altındadır.  

“Daxili ixtilaf sürətlə pisləşən xarici siyasət mühiti ilə daha da dərinləşir və ən sərt siqnallar Rusiya Federasiyasından gəlməyə davam edir. İrəvan son illərdə Kremlin sərt ritorikasına qarşı müəyyən immunitet qazansa da, rəsmilərin son açıqlamaları qarşıdurmanı tamamilə yeni səviyyəyə qaldırır. Bu şəraitdə Pekin və Tehranın uzun müddət davam edən fasiləsi makroregional oyunçuların İrəvanın hərəkətlərinə koordinasiyalı və son dərəcə sərt reaksiyasının xəbərçisi ola bilər. Çin strateji əhəmiyyətli Avrasiya bölgəsində Qərb institutlarının artan fəaliyyətini qəbul etmir, İran isə ənənəvi olaraq şimal sərhədlərində regiondankənar güclərin, xüsusən də ABŞ və NATO-nun mövqeyinin gücləndirilməsini milli təhlükəsizliyə birbaşa təhdid kimi görür”, – məqalədə belə deyilir.

Bundan əlavə, yazıda qeyd olunur ki, Pekin TRIPP-in Çinə qarşı infrastruktur layihəsi kimi mahiyyətini aydın şəkildə başa düşüb:

“Siyasi soyuma qaçılmaz olaraq iqtisadi təzyiqlə müşayiət olunacaq ki, bu da təkcə Rusiya tərəfindən Ermənistan mallarının ixracına yeni tarif maneələri və sanitar məhdudiyyətlər deyil, həm də Paşinyana maraq göstərməyən hər üç paytaxtın enerji, tranzit və investisiya müqavilələrinə yenidən baxmasını əhatə edə bilər” deyə, məqalədə bildirilir.

Xəyal Bəşirov: Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma hazırdır

Üç liderin Paşinyana təbrinin gecikməsi səbəbini şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun fikrincə, onlar seçkilərin yekun nəticələrinin açıqlanmasını gözləyir. Onun sözlərinə görə, hökumət formalaşandan sonra Rusiya, İran və Çin mövqeyini ifadə edəcək:

“Hazırda İran və Çindən hər hansı müsbət, yaxud mənfi rəy yoxdur. Amma Rusiyadan neqativ reaksiyalar davam edir. Sonuncu Zatulin idi ki, seçkilərin legitim olmadığını açıqladı. Ondan əvvəl isə Zaxarova və Peskov rəsmi səviyyədə elan ediblər ki, seçki pozuntuları qeydə alınıb. Həmçinin Rusiya Mərkəzi Seçki Komissiyasının da mövqeyi rəyi müsbət olmayıb”.

Siyasi şərhçi hesab edir ki, Rusiya seçkilərin nəticələrini gec-tez tanıyacaq, hər şey isə Paşinyanın Moskvaya səfərindən asılıdır:

“Tərəflər arasında iqtisadi münasibətlərdə bəzi problemlər meydana gəlib. Rusiya erməni məhsullarına embarqonu davam etdirir. Ermənistan hökuməti Rusiya ilə əlaqələri sahmana salmasa, bu özünü həm seçkilərə münasibətdə, həm digər istiqamətlərdə göstərəcək. Paşinyan seçkilərdən sonra ilk səfəri Moskvaya edəcəyini bildirib. Məncə, elə üzbəüz görüşdə Putin onu təbrik edə bilər. İran isə başı qarışıqdır və hər halda seçkilərin yekun nəticələrinin açıqlanmasının tərəfdarıdır. Çinə gəldikdə isə Ermənistanla münasibətləri inkişafda olsa da, Pekin belə məsələlərdə tələsən ölkə deyil. Ümumiyyətlə, Ermənistanın daxili siyasəti Çin üçün prioritet məsələ də sayılmaz və protokol xatirinə bir təbrik göndəriləcək”.

X.Bəşirov əlavə edib ki, Paşinyan üçün indi əsas problem Rusiya və İrandan Zəngəzur dəhlizi ilə bağlı artan təzyiqlərdir: “KTMT də xəbərdarlıq etdi ki, Cənubi Qafqazda vəziyyət gərginləşə bilər. İran ali rəhbərinin müşaviri də bu yaxınlarda İrəvana oxşar eyhamı vurmuşdu. Yəni yolun ABŞ şirkətinə verilməsi Moskva və Tehranı qəzəbləndirib. Bu da təbii ki, seçkilərlə bağlı təbrikin yubanmasında müəyyən təsir amilidir”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan, Fransa prezidenti Makron, ABŞ dövlət katibi Rubio, həmçinin Avropa İttifaqı, Avropa Şurası və digər ölkələr Paşinyanı qələbə münasibəti ilə təbrik ediblər.

Müsavat.com