Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi NATO üçün müasir döyüşlərin sürəti və tələbləri ilə bağlı mühüm dərs olub.
Business Insider nəşrinin yazdığına görə, münaqişə göstərib ki, Alyans artıq ideal silah sistemlərinin hazırlanması üçün illərlə gözləyə bilməz.
Nəşr qeyd edir ki, ənənəvi müdafiə layihələri çox vaxt uzunmüddətli planlaşdırma və inkişaf mərhələləri tələb edir. Lakin Ukraynadakı döyüşlər sübut edib ki, müharibə şəraitində sürətli istehsal, çevik innovasiya və operativ tətbiq daha böyük əhəmiyyət daşıyır.
Məqalədə vurğulanır ki, NATO ölkələri yalnız texnoloji baxımdan ən mükəmməl silahlara deyil, həm də qısa müddətdə istehsal edilə və cəbhədə istifadə oluna bilən sistemlərə üstünlük verməlidirlər. Ukraynanın döyüş meydanında pilotsuz uçuş aparatları, elektron mübarizə vasitələri və sürətlə modernləşdirilən silah sistemlərindən istifadəsi bu yanaşmanın effektivliyini nümayiş etdirib.
Ekspertlərin fikrincə, müasir müharibələrdə üstünlük təkcə ən qabaqcıl texnologiyalara deyil, həm də yenilikləri sürətlə tətbiq etmək və istehsalı operativ şəkildə genişləndirmək qabiliyyətinə bağlıdır. Bu səbəbdən NATO müdafiə sənayesinin qərarvermə və silah istehsalı proseslərini daha çevik hala gətirməyə çalışır.
Business Insider-in qənaətinə görə, Ukrayna müharibəsi göstərib ki, gələcək münaqişələrdə qələbə yalnız ən müasir silahlardan deyil, onların nə qədər tez hazırlanıb istifadəyə verilə bilməsindən də asılı olacaq.
//Samir Qurbanov, Editor.az


