Azərbaycanda ölüm statistikasının böyük hissəsini ürək-damar xəstəlikləri təşkil edir. Rəsmi rəqəmlər göstərir ki, 2025-ci ildə ölkədə qeydə alınan hər iki ölüm halından birindən çoxu qan dövranı sistemi xəstəliklərinin payına düşüb. İl ərzində 33 555 nəfərin məhz bu xəstəliklər səbəbindən həyatını itirməsi problemin miqyasını bir daha ortaya qoyur. Ürək-damar xəstəliklərinin ölüm səbəbləri arasında bu qədər yüksək paya sahib olması isə ciddi suallar doğurur.
Azərbaycanda bu xəstəliklərin geniş yayılmasının əsas səbəbləri nələrdir? Bu, yalnız ölkəmizə xas problemdir, yoxsa dünya üzrə oxşar mənzərə müşahidə olunur? Ən əsası, ürək-damar xəstəliklərindən ölüm hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı kardioloq, professor İdris Xəlilov Musavat.com-a danışıb:
“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ildə dünyada ürək-damar xəstəliklərindən ölüm təxminən 32% təşkil edib. Ürək-damar ölümlərinin təxminən 85%-ni infarkt və insult təşkil edir. Azərbaycanda da ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinci yerdədir. Rəsmi statistika üzrə təxminən 56,5%. Bununla da Azərbaycan 216 ölkə arasında təxminən 27-ci ən yüksək göstəriciyə malikdir. Azərbaycan həm də ən yüksək ölüm göstəricisinə malik ölkələrin ilk 20%-lik qrupundadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan üzrə ölüm səbəblərinin beynəlxalq müqayisəsində ehtiyatlı olmağı tövsiyə edir, çünki ölüm qeydiyyatı məlumatlarının keyfiyyəti ilə bağlı məhdudiyyətlər var”.
Professor qeyd edib ki, Azərbaycanın yüksək ürək-damar ölüm yükü yeni yaranmış problem deyil:
“Bu, yalnız Azərbaycanın problemi deyil. Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada əsas risk faktorları kimi tütün, qeyri-sağlam qidalanma, artıq çəki, fiziki passivlik, alkoqol istifadəsi və hava çirklənməsini göstərir. Ən böyük səhvlərdən biri insanı yalnız xəstə olduqdan sonra müalicə etməkdir. Statistikaya baxanda belə bir paradoks ortaya çıxır. Tibb son 50 ildə inanılmaz dərəcədə inkişaf edib – angioplastika, stent, bypass, antikoaqulyantlar, statinlər, yeni diabet dərmanları, müasir intensiv terapiya və s. Buna baxmayaraq, ürək-damar xəstəlikləri hələ də dünyanın bir nömrəli ölüm səbəbidir. Bu o demək deyil ki, müasir müalicələr faydasızdır. Əksinə, onların kəskin infarkt, insult və digər vəziyyətlərdə həyatı xilas etdiyini göstərən güclü sübutlar var. Amma statistikadan çıxan başqa bir nəticə də budur ki, əgər əsas risk faktorlarının yaranmasının qarşısını ala bilmiriksə, xəstəlik yarandıqdan sonra onu nə qədər yaxşı müalicə etsək də, problemin yalnız nəticəsi ilə mübarizə aparmış oluruq.
Profilaktikanın 5 əsas sütunu bunlardır:
1. Siqaretdən uzaqlaşmaq
2. Gündəlik fiziki aktivlik
3. Keyfiyyətli və mümkün qədər az emal olunmuş qidalanma
4. Artıq çəki, qlükoza, arterial təzyiq və digər risklərin vaxtında qiymətləndirilməsi
5. İnsan xəstə olmamışdan əvvəl riskin müəyyənləşdirilməsi”.
İdris Xəlilov onu da vurğulayıb ki, profilaktika “hamıya eyni dərman” demək deyil:
“Əvvəl insanı və onun riskini qiymətləndirmək, riskləri həyat tərzini dəyişməklə aradan götürməyə cəhd etmək və nəticə olmasa, müdaxilə etmək lazımdır. Bir maraqlı fakt da budur ki, Azərbaycanda 2010–2023-cü illərdə ürək-damar xəstəliklərindən ölüm səviyyəsinin rəsmi statistikada 37,6 bənd azaldığı göstərilir. Yəni vəziyyət yalnız “getdikcə pisləşir” formasında deyil”.

