Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildiribbackend

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün təsis edilməsinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Hessen Sülh Mükafatının təqdimolunma mərasimində çıxışı zamanı bəyan edib.

“Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Ermənistan və Azərbaycan xalqlarına da təşəkkür edirəm. Münaqişənin törətdiyi çətinliklərə, insan tələfatına və əziyyətlərə baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin indiki zamanı və gələcəyi dəyişdirə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər”, – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, sülhün bərqərar olunmasının əsasını 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdikləri, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə təşkil edib.

Baş nazir qeyd edib ki, 2024-cü ildə ölkələr sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti imzalayıb və ratifikasiya ediblər. Sənəd 1991-ci il Alma-Ata Bəyannaməsini bu prosesin əsas prinsipi kimi təsbit edib.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan iki sovet respublikasının ərazilərinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton Sülh Sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə də öz əksini tapıb”, – deyə o əlavə edib.

Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul olunmasını Ermənistan-Azərbaycan münasibətlərində tarixi sıçrayış adlandırıb.