Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.
Editor.az Trend-ə istinadən xəbər verir ki, söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər Bəşirlinin hekayəsi də xatırlanıb.
Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında danışıb.
“Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi”, – deyə o, bildirib.
Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq onun hekayəsini xatırladıb.
“Köhnə bir avtomobillə yorğan-döşək – əlində nə var idi onu gətirmişdi”, – deyə dövlət başçısı bildirib.

