Rusiyada 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra ilk parlament seçkiləri başlayıb.
Səsvermə üç gün ərzində keçiriləcək və ölkə üzrə təxminən 111 milyon seçicinin seçki hüququndan istifadə etmək imkanı var.
Editor.az xəbər verir ki, ABŞ-ın Associated Press agentliyinin məlumatına görə, seçkilərdə elektron səsvermədən də istifadə olunur. Cümə günü günün sonuna olan məlumatda, elektron səsvermə də daxil olmaqla seçici fəallığının təxminən 30 faiz təşkil etdiyi bildirilib.
Seçkilər 450 deputatdan ibarət Dövlət Dumasının yeni tərkibinin formalaşdırılmasına yönəlib. Hakim “Vahid Rusiya” partiyasının parlamentdəki çoxluğunu qoruyacağı gözlənilir. Eyni zamanda bir sıra digər partiyaların da parlamentdə təmsilçiliyini davam etdirəcəyi bildirilir.
AP qeyd edir ki, seçki prosesi müxalifətin iştirak imkanlarının məhdudlaşdırılması ilə müşayiət olunur. Müharibəyə qarşı mövqeyi ilə tanınan “Yabloko” partiyası seçki bülleteninə buraxılmayıb. Hakimiyyət isə seçkinin ölkədə siyasi sabitliyi və cəmiyyətin birliyini nümayiş etdirdiyini bildirir.
Səsvermə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində və Krımda da təşkil olunur. Ukrayna və Avropa İttifaqı həmin ərazilərdə keçirilən seçkiləri beynəlxalq hüquqa zidd hesab edir.
//Samir Qurbanov, Editor.az

