Tanınmış şəxslərə sui-qəsd planlaşdıran dəstə ifşa olundu — Sensasion təfərrüatlar!backend

Tanınmış şəxslərə sui-qəsd planlaşdıran dəstə ifşa olundu — Sensasion təfərrüatlar!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtdan qaynaqlanan, kökləri xaricə uzanan radikal cinayətkar dəstə Azərbaycanda qan tökmək, ictimai-dini xadimləri hədəf almaq və xaricdəki terrorçuları kriptovalyuta ilə bəsləmək planı qurubmuş.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi növbəti irimiqyaslı antiterror və əməliyyat-axtarış tədbirləri nəticəsində ortaya çıxan mənzərə dəhşətlidir – keçmişdə “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət törədib məhkum olunmuş Vüqar Abdullayev azadlığa çıxdıqdan sonra dincəlməyib, yenidən qan tərəfdarlarını ətrafına toplayaraq dövlətə və cəmiyyətə qarşı xəyanət toru hörməyə başlayıb.

Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və başqaları ilə cinayət əlaqəsinə girməkdə əsas məqsədi Azərbaycanda ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək olub. Onlar seçdikləri hədəflərin marşrutlarını gizlicə izləyib, mühafizə sistemlərini öyrənib və qanlı əməli törətdikdən sonra xaricdəki münaqişə zonalarına qaçmağı planlaşdırıblar. Lakin onların hər bir addımı, gizli görüşləri və telefon danışıqları DTX əməkdaşları tərəfindən addım-addım izlənilərək sənədləşdirilib.

İşin digər dəhşətli məqamı terrorun maliyyələşdirilməsi mexanizmidir. Müəyyən olunub ki, dəstə üzvü Cəlal Hacıyev xaricdə olan digər şəbəkə üzvləri — Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov vasitəsilə beynəlxalq terror təşkilatlarına kriptovalyuta vasitəsilə pul köçürüblər. Ən mənfur detal isə odur ki, bu vəsaitlər sosial şəbəkələrdə “dini ayinlərin icrası” adı altında yerləşdirilən saxta elanlarla, dindar və sadəlövh vətəndaşların hissiyyatından istifadə edilərək toplanıb.
Xarici ölkələrin xüsusi xidmət orqanları ilə birlikdə 5 ölkənin ərazisində parallel keçirilən antiterror əməliyyatları nəticəsində qruplaşmanın 10 üzvü saxlanılıb, xaricdə saxlanılan Elşən Əsgərov artıq Azərbaycana ekstradisiya edilib.

Cinayətkar dəstənin bütün üzvləri Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğun maliyyələşdirilməsi), 218.1 (cinayətkar birlik yaratma), 28, 277-ci (dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs olunublar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi uğurlu antiterror və əməliyyat-axtarış tədbirlərini yüksək qiymətləndirir: “Bu genişmiqyaslı əməliyyat Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyinin və milli təhlükəsizliyinin etibarlı əllərdə olduğunu bir daha nümayiş etdirdi. İfşa olunmuş cinayətkar şəbəkənin fəaliyyət miqyası, onların hədəfləri və istifadə etdikləri metodlar göstərir ki, xüsusi xidmət orqanlarımız təhdidləri hələ rüşeym halında neytrallaşdırmaq qüdrətinə malikdir”.

Arzu Nağıyev vurğulayıb ki, əvvəllər də ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin yenidən gizli təşkilatlanma yolunu seçməsi və ictimai, dini xadimlərimizə qarşı sui-qəsd hazırlıqları görməsi təhlükənin ciddiliyindən xəbər verirdi. Lakin cinayətkar dəstənin izlənilməsi, onların gizli görüşlərinin, telefon danışıqlarının və hətta hədəf seçdikləri şəxslərin marşrutlarını öyrənmə cəhdlərinin addım-addım sənədləşdirilərək vaxtında qarşısının alınması DTX əməkdaşlarının peşəkarlığının, analitik gücünün və texniki imkanlarının bariz göstəricisidir. Dövlət xadiminin və ya ictimai xadimin həyatına qəsd etmək cəhdi doğrudan da dövlətin sütunlarına yönəlmiş ağır cinayətdir və bu plana vaxtında zərbə vurulması böyük fəsadların qarşısını aldı.

Komitə sədri xüsusilə diqqəti terrorçuluğun maliyyələşdirilməsi mexanizmlərinə cəlb edərək qeyd edib ki, müasir radikal qruplaşmalar artıq daha mürəkkəb və pərdələnmiş üsullardan istifadə edirlər. Dini ayinlərin icrası və yardım toplanması adı altında sosial şəbəkələrdə saxta elanların yerləşdirilməsi, toplanmış vəsaitlərin isə kriptovalyuta sistemləri vasitəsilə xaricdəki silahlı münaqişə zonalarına və beynəlxalq terror təşkilatlarına yönəldilməsi şəbəkənin transmilli xarakterini göstərir. Arzu Nağıyevin sözlərinə görə, bu mürəkkəb maliyyə zəncirinin və blokçeyn köçürmələrinin DTX tərəfindən dəqiqliklə ifşa olunması subut edir ki, texnoloji pərdələnmə və ya maliyyə hiylələri belə cinayətkarları məsuliyyətdən kənarda saxlaya bilməz.

Əməliyyatın beynəlxalq coğrafiyasına toxunan deputat bildirib ki, 5 müxtəlif ölkənin ərazisində paralel şəkildə antiterror tədbirlərinin keçirilməsi və 10 nəfər qruplaşma üzvünün saxlanılması Azərbaycanın digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə yüksək səviyyəli əməkdaşlığının nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın qlobal terrorizmə qarşı mübarizədə etibarlı və qətiyyətli tərəfdaş olduğunu göstərir. Xaricdə gizlənməyə çalışan cinayətkarlardan Elşən Əsgərovun ölkəmizə ekstradisiya edilməsi isə “cəzasızlıq” xəyalına düşən hər bir radikal elementə aydın mesajdır ki, Azərbaycan qanunlarından xaricdə də gizlənmək mümkün deyil.

Arzu Nağıyev əlavə edib ki, cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik yaratma və sui-qəsdə hazırlıq kimi mühüm və ağır maddələri (214-1, 218.1, 28, 277) ilə ittihamların verilməsi və barələrində həbs qətimkan tədbirinin seçilməsi hüququn və qanunun aliliyini tam təmin edir. Komitə sədri son olaraq əminliklə bildirib ki, Azərbaycan dövləti ölkədə illərdir bərqərar olan dini dözümlülük, multikulturalizm və milli həmrəylik mühitini pozmaq, cəmiyyətə nifaq və radikalizm toxumları səpmək istəyən hər bir qüvvəyə bundan sonra da ən kəsərli və amansız şəkildə cavab verəcək, vətəndaşlarımızın təhlükəsizliyi və dövlətimizin sabitliyi qətiyyətlə qorunacaqdır.

Musavat.com