Mən niyə hamıdan geri qalmışam? – Psixoloqdan sosial şəbəkələrin yaratdığı müqayisə təzyiqi ilə bağlı AÇIQLAMAbackend

Mən niyə hamıdan geri qalmışam? – Psixoloqdan sosial şəbəkələrin yaratdığı müqayisə təzyiqi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi insanların özlərini və həyatlarını qiymətləndirmə meyarlarına da təsir göstərir. Azərbaycanda da xüsusilə gənclər arasında təhsil, karyera, maddi imkanlar və şəxsi həyatla bağlı sosial gözləntilərin artması insanlarda özlərini başqaları ilə müqayisə etmək meylini gücləndirə bilər. Sosial platformalarda əsasən uğurun və həyatın pozitiv tərəflərinin nümayiş etdirilməsi isə real həyatla virtual görüntü arasındakı fərqin gözdən qaçmasına səbəb olur. Bu baxımdan, “geri qalmışam” hissinin formalaşmasında sosial mühitin və rəqəmsal platformaların rolunu psixoloji aspektdən dəyərləndirmək xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova Editor.az-a açıqlamasında bildirib ki, gərək özümüzü başqaları ilə deyil, dünənimizlə müqayisə edək:

“Heç bir zaman heç bir mənəvi planın həyata keçirilməsi üçün gec olmur. İstər təhsil, istər iş həyatı, istərsə də hobbilərimiz. Özümüzə uyğun olmayan bir zaman cədvəli ilə özümüzü müqayisə etməli deyilik. Kimsə 18 yaşında universitetə qəbul olubsa, sən 50 yaşında o ixtisasa sahib ola bilərsən. Burada əsas məsələ sahə üzrə İQ göstəricisidir.

Gənclərdə “mən hamıdan gec qalıram” düşüncəsinin yaranmasının əsas səbəblərindən biri də öz həyatlarını başqalarının yalnız görünən uğurları ilə müqayisə etmələridir. Sosial şəbəkələrdə insanlar nəticəni göstərir, amma həmin nəticəyə gedən yoldakı çətinlikləri, uğursuzluqları və gözləmə müddətini paylaşmırlar.

Özünü müqayisə etmənin toxumları uşaqlıqdan gəlir. Deyilən müqayisəedici sözlər uşaqlarda daim kiminsə ondan üstün olması düşüncəsini yaradır. Bu da, əlbəttə ki, düzgün analiz etməyə maneə yaradır. Halbuki bizim həyatlarımız fərqlidir, hər kəsin ayrı dünyası, ayrı anlama tərzi var. Özümüzü yalnız özümüzlə müqayisə etməliyik”.

// Gülnarə Abasova, Editor.az