Yay imtahanlarının başa çatması ilə xaricdə təhsil almaq istəyən gənclərin sayı artır və bu da bəzi işbaz şirkətlərin saxta vədlərlə fəaliyyətə başlamasına rəvac verir. Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi də gənclərin əsgərlikdən yayındırılması məqsədilə saxta sənədlərdən istifadə olunduğunu, cəmi bir gün ərzində xaricdə magistratura və ya doktoranturaya “qəbul” vədlərinin verildiyini bildirib. Ölkəni tərk etmədən, qondarma hibrid və ya distant formalarla xaricdə təhsil alıb hərbi xidmətdən möhlət hüququ qazanmaq barədə verilən bu vədlərin heç bir hüquqi əsası yoxdur, çünki Azərbaycan qanunvericiliyi bu formatları tanımır. Mövcud vəziyyət həm gənclərin gələcək diplomlarının tanınmaması riskini yaradır, həm də dövlətin hərbi çağırış sisteminə ciddi şəkildə zərbə vurur. Bu sahədə şəffaflığın təmin edilməsi və gənclərin aldadılmasının qarşısının alınması üçün həm hüquqi, həm də maarifləndirmə müstəvisində təxirəsalınmaz addımların atılmasına ehtiyac var.
Maraqlıdır, bütün bunları nəzərə alaraq ölkədə xaricdə təhsil adı altında həyata keçirilən bu növ qanunsuz fəaliyyətlərə və saxta sənəd dövriyyəsinə qarşı effektiv mübarizə aparmaq, eyni zamanda gəncləri bu cür fırıldaqçı şirkətlərin qurbanı olmaqdan qorumaq üçün hansı sistemli islahatların və cəza tədbirlərinin görülməsinə ehtiyac var?
Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, bu, hər il təkrarlanan və kifayət qədər aktual problemdir. Onun sözlərinə görə, bəzi şəxslər və özlərini təhsil şirkəti kimi təqdim edən qurumlar vətəndaşları aldadaraq xaricdə təhsil adı altında müxtəlif yalan vədlər verirlər:

“Onlar hərbi xidmətdən möhlət alınacağı, diplomun tanınacağı kimi vədlərlə insanları cəlb edirlər. Lakin sonradan məlum olur ki, həmin vətəndaşlar dələduzluğun qurbanına çevriliblər.
İllərdir müşahidə edirik ki, bəzi gənclər xaricə getdikdən sonra qəbul olduqlarını düşündükləri universitetə əslində qəbul edilmədiklərini və ya diplomu Azərbaycanda tanınmayan ali təhsil müəssisəsində oxuduqlarını öyrənirlər. Bəzi hallarda seçilən ixtisas ölkəmizdə prioritet ixtisaslar siyahısına daxil olmur, hərbi xidmətdən möhlət hüququ verilmir. Daha ağır hallarda isə vətəndaşlar insan alveri və ya orqan alveri kimi cinayətlərin qurbanına çevrilirlər.
Bu baxımdan valideynlər mütləq mütəxəssis rəyi almalı, uzun illər bu sahədə fəaliyyət göstərən peşəkarlarla işləməlidirlər. Eyni zamanda, qərar verməzdən əvvəl Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomların tanınması ilə bağlı siyahısı ilə tanış olmalıdırlar. Həmin siyahıda hansı ölkələrin diplomlarının tanındığı və hansı universitetlərlə bağlı daha çox imtina qərarının verildiyi göstərilir. Bu, vətəndaşların aldadılmasının qarşısını almağa kömək edər.
Xaricdə təhsil almaq istəyənlərin əksəriyyəti attestatla qəbula üstünlük verir. Bunun əsas səbəblərindən biri onların Azərbaycandakı ali məktəblərə qəbul ola bilməməsi, digər səbəb isə hərbi xidmətdən möhlət əldə etmək istəyidir. Təəssüf ki, məhz bu amildən istifadə edən dələduzlar valideynləri və gəncləri asanlıqla aldada bilirlər. Buna görə də düzgün qərar vermək üçün mütləq peşəkar məsləhətindən istifadə olunmalıdır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da Editor.az-a açıqlamasında bildirib ki, bu problem hər il müxtəlif formalarda özünü göstərir:

“Çox sayda vətəndaşımız attestatla qəbul və digər proqramlar vasitəsilə xaricdə təhsil almağa çalışır. Lakin sonradan onların bir çoxunun diplomunun Azərbaycanda tanınmadığı üzə çıxır.
Valideynlər övladlarının ali təhsil almasını, bəzən isə hərbi xidmət məsələsini nəzərə alaraq bu cür təkliflərə daha çox maraq göstərirlər. Nəticədə arzuolunmaz hallar baş verir.
İnsan təəccüblənir ki, qısa müddət ərzində bütün bu proseslərin həyata keçirilməsi necə mümkün olur. Hesab edirəm ki, bu sahədə inzibati tədbirlərlə yanaşı, geniş maarifləndirmə işləri də aparılmalıdır. Gənclərimizi və valideynləri davamlı şəkildə məlumatlandırmaq vacibdir.
Bu, sıradan bir məsələ deyil. Hazırda Ukraynada müharibə davam etsə də, minlərlə azərbaycanlı tələbə orada təhsil alır. Türkiyədə isə təxminən 50 min azərbaycanlı gənc təhsil alır. Ona görə də problemin həlli yalnız inzibati tədbirlərlə mümkün deyil. Maarifləndirmə və təbliğat işləri gücləndirilməlidir ki, gənclərimizi bu cür risklərdən qoruya bilək. Əks halda, gələcəkdə diplomların tanınması və məşğulluq sahəsində daha ciddi problemlərlə üzləşəcəyik”.
//Gülnarə Abasova, Editor.az

