Xəzərdə təlimlər: Humanitar ssenari altında siyasi mesajlar nədən xəbər verir?backend

Xəzərdə təlimlər: Humanitar ssenari altında siyasi mesajlar nədən xəbər verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizində keçiriləcək CASAREX 2025 təlimləri ilk baxışda xilasetmə və humanitar əməkdaşlıq formatında təqdim olunsa da, iştirakçı ölkələrin siyasi konfiqurasiyası və qlobal kontekst bu hadisəyə daha geniş geosiyasi anlam yükləyir. Rusiya və İranın birgə təlimlərdə iştirakı sadəcə dəniz təhlükəsizliyi deyil, həm də regional güc nümayişi və strateji həmrəylik jesti kimi qiymətləndirilir. Xüsusilə SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) prosesə cəlb olunması bu təlimlərin sıradan bir hadisə olmadığını göstərir.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, bu təlimlər artıq tez-tez keçirilən və ənənəvi xarakter daşıyan fəaliyyətlər sırasındadır:

“Lakin zamanlama və iştirakçılar bu hadisəyə əlavə məna qazandırır. Beynəlxalq nizamın yenidən qurulduğu bir dövrdə Rusiya, Çin və İran kimi dövlətlər Qərbə qarşı siyasi həmrəylik nümayiş etdirməyə çalışır və bu cür hərbi-təhlükəsizlik tədbirləri də həmin strategiyanın bir parçasıdır.

Rusiya və İran bu təlimlərlə demək istəyir ki, onlar Qərbin təzyiqlərinə, İsrailə və müxtəlif regionlarda formalaşan təhlükələrə qarşı ortaq mövqedə dayanmağa hazırdırlar”.

Bununla belə, ekspertə görə, bu konkret təlimlər əvvəlcədən planlaşdırılmış və qarşılıqlı təcrübə mübadiləsinə yönəlmiş texniki xarakterli manevrlərdir:

“Bu baxımdan, onları ciddi regional təhlükə və ya fövqəladə hadisə kimi şərh etmək düzgün olmaz. Amma eyni zamanda, bu təlimlərin simvolik siyasi anlam daşıdığı və müəyyən dərəcədə əzələ nümayişi olduğu inkar edilmir. Xüsusilə də regionda artan geopolitik gərginliklər və yeni ittifaqlar fonunda, belə tədbirlər həm də öz maraq dairələrini qorumaq istəyən güclərin açıq mesajı kimi görünür”.

//Gülnarə Abasova, Editor.az