“Əgər bir insan həm ağıllı, həm savadlı olsa, bunun qiyməti yoxdur. Amma gedib 3-4 dənə diplom alırsa, demək problemli, şübhəli, xəstə adamdır. Adamda nəsə çatışmır. O, yerini tapa bilmir. Heç axıra qədər də tapa bilmir. 10 institut da qurtarsa, mümkün deyil”.
Musavat.com bildirir ki, bu sözləri Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Zarafat bir yana” verilişində bildirib.
İş adamı çoxsaylı diplom sahibi olan insanların əzbərçiliyə üstünlük verdiyini də iddia edib:
“Onlar beynini idarə eləyə bilmir. Onlar əzbərçidirlər. Beyni idarə etmək yoxdursa, bir neçə diplomun mənası yoxdur. 3-4 nəfərin də diplomunu məhv edir. Onun əvəzinə başqaları oxuyacaqdı. Əgər sən birini oxudun, yaxşıdır. Amma üçüncü-dördüncü diploma gedirsənsə, şübhəlisən”.
“Şərurlu İsfəndiyar” özünün vaxtilə kifayət qədər təhsil ala bilməməsindən də təəssüfləndiyini deyib:
“Allah mənə verdiyi ağılla yanaşı savad da versəydi, mən yəqin ki, Azərbaycanda olmazdım. Dünyanın ən milyarderlərindən biri olardım. Çünki mən elə yerlərdən, elə sahələrdən düşünüb pul çıxartmışam. Bunu bacarmışamsa, savadım da olaydı, buna dəstək olsaydı, həyatım daha yaxşı, min dəfə bundan yaxşı olardı”.

