Premium layihəni fərqləndirən əsas amil nədir? — Memar Aytac İmanova açıqlayırbackend

Premium layihəni fərqləndirən əsas amil nədir? — Memar Aytac İmanova açıqlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir memarlıqda premium layihə anlayışı yalnız yüksək büdcə və bahalı materiallarla məhdudlaşmır. Burada məkanın funksionallığı, estetika, keyfiyyət, davamlılıq, fərdi həllər və insanların həyat tərzinə uyğunluq xüsusi əhəmiyyət daşıyır.

Memar Aytac İmanova ilə müsahibəmizdə premium layihəni fərqləndirən əsas amillər, material seçimində estetika və funksionallığın balansı, İtaliya və Dubayda keçirilən beynəlxalq dizayn sərgilərinin peşəkar yanaşmasına təsiri, memar-sifarişçi münasibətləri və düzgün memarlıq həllərinin daşınmaz əmlakın dəyərinə təsiri barədə danışdıq.

— Memarlıq və interyer dizaynında “premium layihə” anlayışını yalnız büdcə və bahalı materiallar müəyyənləşdirir, yoxsa bu anlayışın arxasında daha kompleks meyarlar dayanır?

— Bəli, premium layihələrdə həm büdcə daha yüksək olur, həm də istifadə olunan material və avadanlıqlar, bir qayda olaraq, daha bahalıdır. Lakin layihəni premium edən əsas amil sadəcə yüksək qiymətli materialların seçilməsi deyil.

İstənilən layihənin əsasında həmin məkanda yaşayacaq insanların həyat tərzinin, gündəlik ehtiyaclarının və vərdişlərinin təhlili dayanır. Premium seqmentdə isə məhz bu həyat tərzi bizi müəyyən materiallara, texnologiyalara, istehsal keyfiyyətinə və fərdi həllərə yönəldir. Nəticədə seçilən materiallar və həllər öz keyfiyyəti, davamlılığı, istehsal xüsusiyyətləri və fərdiləşdirilmə səviyyəsinə görə daha yüksək büdcə tələb edir.

Yəni biz layihəni əvvəlcədən “premium” adlandırmaq üçün bahalı materiallardan istifadə etmirik. Əksinə, layihənin konsepsiyası və orada yaşayacaq insanların həyat tərzi bizi müəyyən səviyyəli material və həllərə gətirib çıxarır. Nəticədə isə həm layihənin büdcəsi, həm də istifadə olunan material və həllərin səviyyəsi yüksəlir.

Bu baxımdan, mənim üçün premium layihənin əsas göstəricisi qiymət deyil, həyat tərzinə uyğun yaradılmış məkanın keyfiyyəti, funksionallığı, detallara yanaşması və bütün elementlərin bir-biri ilə harmonik şəkildə işləməsidir.

— Premium layihələrdə material seçimi zamanı estetika, funksionallıq, davamlılıq və layihənin uzunmüddətli dəyəri arasında düzgün balans necə qurulmalıdır?

— Məncə, burada vahid bir balans formulundan danışmaq düzgün olmaz. Çünki hər bir material üçün estetika, funksionallıq və davamlılığın əhəmiyyəti layihənin hansı mərhələsində və harada istifadə olunmasından asılı olaraq dəyişir.

Məsələn, betonun altında və ya divarın arxasında qalan, gözlə görünməyən materiallarda — santexnika, elektrik sistemləri və digər mühəndislik elementlərində — bizim üçün ilk növbədə funksionallıq və uzunömürlülük dayanır. Çünki bu materialların uzun illər problemsiz işləməsi və sonradan görünən interyer elementlərinə hər hansı zərər vurmaması əsas şərtdir.

Amma divar üzlükləri, dekorativ elementlər və interyerdə vizual olaraq görünən materiallarda seçim prosesinin ilk mərhələsində estetika ön plana çıxır. Çünki həmin materialın əsas funksiyalarından biri məkanın estetik dilini formalaşdırmaqdır. Daha sonra isə seçilmiş materialın funksionallığını, keyfiyyətini və davamlılığını qiymətləndiririk.

Yəni hər üç faktor — estetika, funksionallıq və davamlılıq — hər bir material üçün mütləq nəzərə alınır. Sadəcə, onların prioritet sırası materialın funksiyasına, yerləşdiyi məkana və layihədəki roluna görə dəyişir. Məncə, düzgün balans da məhz bundan ibarətdir.

— Siz Dubay və İtaliya kimi beynəlxalq dizayn və memarlıq mərkəzlərində keçirilən sərgiləri yaxından izləyirsiniz. Bu cür beynəlxalq platformalarda iştirak memarın baxışına, material seçiminə və gələcək layihələrinə hansı yenilikləri gətirir?

— İtaliya və Dubayda keçirilən beynəlxalq dizayn sərgilərində hər il iştirak etmək mənim üçün, ilk növbədə, peşəkar dünyagörüşünü genişləndirmək deməkdir.

Hər il burada yeni materiallar, texnologiyalar, məhsullar və dizayn həlləri təqdim olunur. Əlbəttə, bunların bir çoxunu internetdə və ya brendlərin saytlarında görmək mümkündür. Amma materialı real olaraq görmək, ona toxunmaq, teksturasını, keyfiyyətini və digər materiallarla necə kombinasiya olunduğunu canlı şəkildə müşahidə etmək tamamilə fərqli təcrübədir.

Bəzən sərgidə gördüyüm hansısa detal, konstruktiv həll və ya material kombinasiyası məndə tamamilə yeni bir ideya yaradır. İnternetdə bunu əvvəllər dəfələrlə görmüş ola bilərəm, amma onu real məkanda, fərqli kontekstdə görmək tamam başqa hiss yaradır. Belə sərgilərin ən böyük üstünlüklərindən biri də budur — səni eyni həllər dairəsindən çıxarır və yeni düşüncə istiqamətləri açır.

Çünki uzun müddət yalnız bir ölkədə, eyni bazarda və əsasən internet üzərindən işlədikdə, istər-istəməz müəyyən estetik və funksional həllər çərçivəsində qalmaq mümkündür. Beynəlxalq sərgilərdə isə müxtəlif ölkələrdən olan dizaynerlərin, memarların və brendlərin yanaşmalarını bir məkanda görürsən.

İkinci vacib məqam isə brendlərlə qurulan əlaqələrdir. Sərgilər mənə yalnız məhsulları tanımağa deyil, birbaşa istehsalçılar və brendlərlə əlaqələr yaratmağa imkan verir. Bu əlaqələr gələcək layihələrdə iş prosesini də xeyli asanlaşdırır.

Bundan əlavə, brendlərlə əməkdaşlıq etdikcə xüsusi kolleksiyalara, peşəkarlar üçün nəzərdə tutulmuş qiymət və şərtlərə, bəzən isə hələ geniş bazara çıxarılmamış məhsullara çıxış əldə etmək mümkündür. Bu da layihələrdə müştərilərə daha fərqli və eksklüziv həllər təklif etməyə imkan verir.

Ona görə də mənim üçün bu sərgilər sadəcə yeni məhsullara baxmaq üçün keçirilən tədbirlər deyil. Onlar həm bilik və ilham mənbəyidir, həm də yeni peşəkar əlaqələr və gələcək layihələr üçün real imkanlar yaradır.

— Fərdi yaşayış layihələrində memar müştərinin şəxsi zövqünü nə qədər izləməli, hansı məqamda isə peşəkar mövqeyini ortaya qoyaraq onu istiqamətləndirməlidir?

— Məncə, özəl ev layihəsində memar və sifarişçi arasında ilk müzakirə olunmalı məsələlərdən biri məhz zövq və üslub məsələsidir. Çünki əgər memarın estetik yanaşması ilə sifarişçinin zövqü və baxışları tamamilə fərqlidirsə, düşünürəm ki, belə bir layihəyə başlamaq doğru deyil.

Mən sifarişçinin zövqünə öz üslubumu məcburi şəkildə tətbiq etməyi də, digər tərəfdən, onun istədiyi hər şeyi peşəkar yanaşmamı kənara qoyaraq olduğu kimi həyata keçirməyi də düzgün hesab etmirəm. Ən yaxşı nəticə o zaman yaranır ki, sifarişçinin zövqü ilə memarın estetik və peşəkar yanaşması bir-birini tamamlayır.

Bu mərhələ razılaşdırıldıqdan sonra isə ən vacib məsələ sifarişçinin həyat tərzini, gündəlik vərdişlərini və ehtiyaclarını anlamaqdır. Xüsusi ev ilk növbədə orada yaşayacaq insan üçün funksional olmalıdır. Buna görə də məkanın planlaşdırılması və funksional həllərin müəyyənləşdirilməsi zamanı sifarişçinin həyat tərzi əsas istinad nöqtəsidir.

Memarın rolu isə həmin ehtiyacları peşəkar şəkildə analiz etmək və onları daha düzgün, funksional və estetik həllərə çevirməkdir.

Bu mərhələdən sonra isə artıq memara müəyyən qədər etimad göstərmək vacibdir. Çünki sifarişçi öz ehtiyaclarını və gözləntilərini ifadə edir, memar isə həmin məlumatı peşəkar biliyi və təcrübəsi ilə layihəyə çevirir.

Məncə, ideal əməkdaşlıq məhz budur: sifarişçi öz həyat tərzini və ehtiyaclarını ortaya qoyur, memar isə onları öz peşəkar yanaşması ilə düzgün memarlıq həllinə çevirir.

— Yaxşı memarlıq və düzgün interyer həlli daşınmaz əmlakın yalnız vizual görünüşünü deyil, onun uzunmüddətli bazar dəyərini də artıra bilərmi? Bu dəyəri yaradan əsas amillər hansılardır?

— Məncə, memar hər zaman daşınmaz əmlakın bazar qiymətini birbaşa artıra bilməz. Çünki burada lokasiya, binanın keyfiyyəti, infrastrukturu, mənzərəsi və digər bir çox amil mühüm rol oynayır. Amma memar obyektin istehlakçı üçün dəyərini və bazar likvidliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Bunun əsas vasitələrindən biri düzgün planlaşdırmadır. Eyni sahəyə malik iki mənzil tamamilə fərqli dəyər və təəssürat yarada bilər. Düzgün planlaşdırılmış məkan hər kvadratmetrdən daha səmərəli istifadə etməyə, funksional zonaları düzgün təşkil etməyə və insanın gündəlik həyatını daha rahat qurmağa imkan verir.

Xüsusilə premium seqmentdə alıcı artıq yalnız kvadratmetr və otaq sayını satın almır. O, əslində hazır bir həyat ssenarisi satın alır — necə yaşayacağını, necə hərəkət edəcəyini, harada istirahət edəcəyini, əşyalarını necə yerləşdirəcəyini və gündəlik həyatının nə qədər rahat olacağını.

Ona görə də yaxşı memarlıq və dizayn sadəcə məkanı gözəlləşdirmir. Mövcud sahəni daha dəyərli və daha funksional edir. Düzgün həll edilmiş bir layihə obyektin bazarda daha cəlbedici, daha likvid və potensial alıcı üçün daha arzuolunan olmasına təsir göstərə bilər.

Məncə, memarın əsas dəyəri də məhz budur — sadəcə kvadratmetrləri bölmək deyil, həmin kvadratmetrlərin içində daha keyfiyyətli həyat yaratmaq.

//Gülnarə Abasova, Editor.az