Heidelberq Universitetinin alimləri və həmkarları uşaqlıqda emosional və ya fiziki zorakılıq, eləcə də laqeyd münasibətlə üzləşmiş insanların beyin fəaliyyətini araşdırıblar.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Biological Psychiatry: Cognitive Neuroscience and Neuroimaging jurnalında dərc olunub.
Araşdırmada 75 yetkin insan iştirak edib. Alimlər funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) vasitəsilə beynin emosiyaların və stress reaksiyasının tənzimlənməsində mühüm rol oynayan üç hissəsi – amigdala, hipokamp və ön singulat korteks arasındakı əlaqələri araşdırıblar. İştirakçıların həyatları boyu fiziki aktivlik səviyyəsi də qiymətləndirilib.
Nəticələr göstərib ki, uşaqlıq dövründə ağır təcrübələr yaşayan və az hərəkət edən insanlarda bu beyin bölgələri arasındakı funksional əlaqələr daha zəif olub. Fiziki cəhətdən aktiv iştirakçılarda isə əksinə, həmin bölgələr arasında daha güclü əlaqələr müşahidə edilib.
Ən nəzərəçarpan dəyişiklik həftədə 150–390 dəqiqə fiziki aktivlik göstərən insanlarda qeydə alınıb. Bu göstərici ümumilikdə gündə təxminən 30 dəqiqədən bir saata qədər fiziki fəaliyyətə uyğun gəlir və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi aktivlik diapazonuna daxildir.
Tədqiqat müəlliflərinin fikrincə, uşaqlıq travmaları insanın gələcək həyatını və psixoloji vəziyyətini müəyyən edən dəyişməz “beyin izi” yaratmaya bilər. Əksinə, fiziki aktivlik beyində stressə uyğunlaşmanı dəstəkləyən əlaqələrin güclənməsinə kömək edə bilər.
Alimlər vurğulayırlar ki, uşaqlıqda yaşanan mənfi təcrübələr depressiya və posttravmatik stress pozuntusu kimi problemlərin yaranma riskini artıra bilər. Lakin yeni nəticələr belə təcrübələrin insanın sonrakı həyat trayektoriyasını tamamilə müəyyən etmədiyini göstərən əlavə dəlillər təqdim edir.
Araşdırmanın müəllifləri fiziki aktivliyin əlçatan və nisbətən ucuz resurs olduğunu bildirərək, onun psixoloji dayanıqlılığın dəstəklənməsində potensial rolunun daha geniş öyrənilməsinin vacibliyini qeyd edirlər.
//Gülnarə Abasova, Editor.az

