19 iyun sazişi sülh gətirməyəcək: Yaxın Şərqdə tərəflər hələ də qarşıdurmaya hazırlaşırbackend

19 iyun sazişi sülh gətirməyəcək: Yaxın Şərqdə tərəflər hələ də qarşıdurmaya hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə geosiyasi gərginliyin davam etdiyi bir şəraitdə ABŞ, İsrail və İran arasında gedən proseslərin gələcək perspektivləri ətrafında müzakirələr daha da intensivləşib. Tərəflərin bəyanatları və bölgədəki hərbi-siyasi dinamika göstərir ki, mümkün razılaşmaların mahiyyəti və davamlılığı ilə bağlı hələ də ciddi suallar qalmaqdadır. Mövzunu Editor.az-a şərh edən politoloq Azər Qasımov bildirib ki, regionda mövcud problemlərin bir razılaşma ilə həll olunacağını düşünmək reallığı tam əks etdirmir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə İsrail və İran ətrafında cərəyan edən proseslərin tək bir razılaşma ilə həll ediləcəyini düşünmək sadəlövhlük olardı:

“Məsələ ondadır ki, burada təktərəfli həll modeli mövcud deyil. İsrailin ABŞ-İran razılaşmasından kənarda qalması mümkün görünmür. Tərəflərin hər birinin öz ambisiyaları var və bunlar qarşı tərəf üçün qəbuledilməz hesab olunur. Problemi yalnız güc faktoru həll edə bilər. Tərəflərdən biri məğlubiyyətini qəbul etməli və ambisiyalarından geri çəkildiyini bəyan etməlidir. Hazırkı mərhələdə isə belə bir vəziyyət müşahidə olunmur. Həm İsrail, həm də İran özünü məğlub tərəf kimi görmür.

İmzalanması nəzərdə tutulan sənəd əslində yekun sənəd deyil. Yekun sənədin imzalanması yalnız 60 gün ərzində açıq qalan məsələlərin razılaşdırılmasından sonra mümkün ola bilər. Bu, daha çox ümumi şərtlərin qəbulunu nəzərdə tutan çərçivə sənədi xarakteri daşıyır ki, İsrail buna razılıq vermir. Tramp isə daha çox müharibənin başa çatdığı görüntüsünü formalaşdırmağa çalışır. Lakin bu, mahiyyət etibarilə süni razılaşmadır. Tərəflər sadəcə vaxt qazanmaq məqsədilə prosesi uzadırlar. ABŞ-ın yanacaq doldurma təyyarələri hələ də İsraildə qalır. Sadəcə olaraq həmin təyyarələr İsrailin digər hava limanlarına köçürülür. Əminliklə demək olar ki, İsrail 2023-cü il 7 oktyabr terror hücumundan sonra başladığı prosesləri yarımçıq saxlamaq niyyətində deyil”.

Politoloqun sözlərinə görə, imzalanacaq sənəd tərəflər üçün daha çox gələcək mərhələlərə hazırlıq xarakteri daşıyır:

“Məsələnin görünən tərəfi konstruktiv yanaşma təsiri bağışlasa da, arxa planda Yaxın Şərq ölkələrinin yeni müttəfiqliklər axtarışında olması da diqqət çəkir. Görünən odur ki, bu razılaşma regionun bir sıra ölkələrinin, o cümlədən Türkiyə və ərəb dövlətlərinin maraqları ilə tam uzlaşmır. Hesab edirəm ki, İsrailin razı olmadığı heç bir proses Yaxın Şərqdə davamlı sülhlə nəticələnməyəcək. Hazırda müşahidə olunan addımlar isə daha çox müvəqqəti xarakter daşıyır”.

//Gülnarə Abasova, Editor.az