İranın nüvə proqramı Yaxın Şərqin gələcəyini necə dəyişəcək?- Diqqətçəkən AÇIQLAMAbackend

İranın nüvə proqramı Yaxın Şərqin gələcəyini necə dəyişəcək?- Diqqətçəkən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında nüvə proqramı ətrafında aparılan danışıqların yenidən aktiv fazaya keçməsi Yaxın Şərqdə təhlükəsizlik və sabitlik məsələlərini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, tərəflər arasında mümkün razılaşma regional gərginliyin azalmasına müəyyən töhfə versə də, Yaxın Şərqdə uzunmüddətli sabitliyin təmin olunması daha geniş geosiyasi amillərdən və region ölkələrinin maraqlarının uzlaşdırılmasından asılı olacaq.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərq regionunun mürəkkəb siyasi arxitekturası və tarixi reallıqları nəzərə alınmadan bölgədə dayanıqlı sabitliyin təmin olunması mümkün deyil:

“Regionun iddialı dövlətləri zahirən konstruktiv mövqe nümayiş etdirməyə çalışsalar da, onların hər birinin öz strateji planları və maraqları mövcuddur. Türkiyə, İsrail, ərəb ölkələri, eləcə də bu dövlətlərin arxasında dayanan regiondankənar güclərin hər biri Yaxın Şərqdə öz maraqlarının təmin olunmasına çalışır. Bu baxımdan, təkcə İran və ABŞ arasında əldə ediləcək hər hansı razılaşmanın uzunmüddətli və davamlı olması ehtimalı yüksək deyil.

Məsələ ondadır ki, mümkün razılaşmanın nəticələri regionun digər aktorlarının maraqları ilə üst-üstə düşməyə bilər və bu da əlavə siyasi maneələr yarada bilər. İranın nüvə proqramının hansı istiqamətdə inkişaf etməsi İsrail üçün xüsusi əhəmiyyət kəsb etsə də, ümumilikdə bu proqramın mövcudluğu Yaxın Şərqin gələcək siyasi konfiqurasiyasına təsir göstərəcək əsas amillərdən biridir.

ABŞ və İran arasında aparılan danışıqların müəyyən müddət üçün nəticə verməsi mümkündür. Lakin sonrakı proseslərin xarakterini həmin razılaşmanın doğuracağı siyasi və təhlükəsizlik nəticələri müəyyən edəcək. Region ölkələri İranın gələcəkdə hansı siyasəti yürüdəcəyini diqqətlə izləyəcəklər. Çünki bölgədə baş verəcək bir çox proseslər məhz bundan asılı olacaq.

Hesab edirəm ki, mövcud beynəlxalq şəraitdə Yaxın Şərqdə tam və dayanıqlı sabitliyin təmin olunması hələ də çətin görünür. Bunun üçün regionun gələcəyinə təsir göstərən bütün əsas güclərin maraqlarının müəyyən səviyyədə uzlaşdırılması vacibdir. Əks halda, bu amil yeni gərginlik mənbələrinin yaranmasına səbəb ola bilər. Yaxın Şərqdə sabitliyin təmin olunması üçün regional və beynəlxalq güc mərkəzləri arasında qarşılıqlı anlaşma və razılaşmaların əldə edilməsi həlledici rol oynayacaq”.

//Gülnarə Abasova, Editor.az