ABŞ-İran böhranı Azərbaycanın qapısına nə qədər yaxındır?backend

ABŞ-İran böhranı Azərbaycanın qapısına nə qədər yaxındır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərq yenidən böyük müharibənin astanasına sürüklənir. ABŞ və İran arasında cəmi bir neçə həftə əvvəl əldə olunan kövrək atəşkəs faktiki olaraq dağılıb, qarşılıqlı hərbi əməliyyatlar yenidən intensivləşib. Donald Tramp administrasiyasının İran ərazisinə zərbələri davam etdirməsi, Tehranın isə ABŞ-nin regiondakı hərbi mövqelərinə və Hörmüz boğazı ətrafında gəmilərə qarşı cavab addımlarını artırması bölgədə vəziyyəti son dərəcə təhlükəli həddə çatdırıb.

Son məlumatlara görə, ABŞ ardıcıl hava əməliyyatlarını davam etdirir, İran isə Hörmüz boğazında iki neft tankerinin partlayış nəticəsində sıradan çıxdığını açıqlayıb və bu strateji su yolunun təhlükəsizliyinə təminat verməyəcəyini bəyan edib. Nəticədə dünya bazarlarında neftin qiyməti yenidən 90 dollar həddini keçib, qlobal enerji bazarında isə ciddi narahatlıq yaranıb. Vaşinqtondan gələn son bəyanatlar göstərir ki, Ağ Ev artıq yalnız İranın nüvə proqramına deyil, həm də Hörmüz boğazına nəzarət uğrunda uzunmüddətli qarşıdurmaya hazırlaşır. Donald Tramp bir tərəfdən danışıqların davam etdirilə biləcəyini desə də, digər tərəfdən atəşkəsin başa çatdığını bəyan edir və İran üzərində təzyiqi artırır. Tehran isə bunu “mövcudluq savaşı” adlandıraraq geri çəkilməyəcəyini bildirir. Beləliklə, Yaxın Şərqdə yeni və daha genişmiqyaslı müharibə ehtimalı hər ötən gün daha da artır.

ABŞ və İran arasında qarşıdurma tammiqyaslı regional müharibəyə çevriləcəkmi? İsrail bu prosesdə hansı rolu oynayacaq? Hörmüz boğazı ətrafındakı böhran dünya iqtisadiyyatını və enerji bazarını hansı sınaqlarla üz-üzə qoyacaq? Regionun qonşusu olan Azərbaycan bu mürəkkəb geosiyasi qarşıdurmanın yaratdığı təhlükələrə nə dərəcədə hazırdır?

WhatsApp Image 2026-07-20 at 14.00.14 (1).jpeg (7 KB)

Siyasi şərhçi Xəzər Teyyublu Musavat.com-a deyib ki, hazırkı vəziyyətə əsasən, ABŞ-İran qarşıdurması 2026-cı ildən əvvəl başlayan gərginlik mərhələlərinin ən təhlükəli dövrlərindən birinə çatıb:

“Son günlər ABŞ İran ərazisində hava zərbələrini davam etdirir. İran isə buna cavab olaraq ABŞ-nin regiondakı hərbi bazalarını və hərbi infrastrukturunu hədəfə alır. Bu qarşılıqlı hücumlar münaqişənin daha da dərinləşdiyini göstərir. Gərginliyin artması nəticəsində Hörmüz boğazında tanker hərəkəti nəzərəçarpacaq dərəcədə azalıb. Bu isə dünya enerji bazarına dərhal təsir göstərərək neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Hazırda bazarlarda əsas narahatlıq enerji təchizatının təhlükəsizliyi və Hörmüz boğazının fəaliyyəti ilə bağlıdır. Bununla belə, hazırkı mərhələdə ABŞ-nin İrana qarşı birbaşa genişmiqyaslı quru əməliyyatına başlaması və ya tammiqyaslı müharibəyə daxil olması ehtimalını hələ də aşağı görürəm. Tərəflər arasında qarşıdurma əsasən hava zərbələri, raket hücumları və regiondakı hərbi obyektlər üzərindən davam edir. Lakin İranın İraq, Bəhreyn, Küveyt, Oman və İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələr həmin ölkələri də dolayısı ilə münaqişənin təsiri altına salır. Son günlər Körfəz regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi, müxtəlif insidentlər və gərginliyin artması ilə bağlı məlumatların çoxalması da bunu göstərir. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi Körfəz ölkələri münaqişəyə birbaşa qoşulmaq niyyətində görünmür. Əksinə, onlar gərginliyin daha da genişlənməsinin qarşısının alınmasına və diplomatik həll yollarının tapılmasına üstünlük verirlər. Bu ölkələr üçün əsas prioritet regional sabitliyin qorunması və enerji ixracının təhlükəsizliyidir. Əgər Hörmüz boğazı bağlanarsa və ya burada təhlükəsizlik vəziyyəti daha da pisləşərsə, bunun qlobal enerji bazarına çox ciddi təsirləri olacaq. Belə bir ssenari neft və qaz qiymətlərində yeni kəskin artıma səbəb ola, eyni zamanda münaqişənin Yaxın Şərqin digər ölkələrinə yayılması riskini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Ümumilikdə, Yaxın Şərq dövlətlərinin əksəriyyəti münaqişəyə birbaşa qoşulmaqdansa, diplomatik həll yollarını daha məqsədəuyğun hesab edir. Bununla belə, vəziyyət son dərəcə dəyişkəndir. Hər an yeni hərbi əməliyyatlar və ya gözlənilməz hadisələr baş verə bilər ki, bu da risk səviyyəsini daha da artıraraq regionu daha genişmiqyaslı qarşıdurma ilə üz-üzə qoya bilər”.

Siyasi şərhçi Azərbaycanın bu mürəkkəb geosiyasi qarşıdurmanın yaratdığı risklərə hər zaman hazır olmasından da söz açıb:

“Rəsmi Bakı uzun illərdir xarici siyasətində balanslaşdırılmış və praqmatik xətt yürüdür, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə, mehriban qonşuluq münasibətlərinə və əməkdaşlığa üstünlük verir. Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə gərginliyin artmasında maraqlı deyil, əksinə, dialoq və sabitliyin qorunmasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. İranla münasibətlərdə də Azərbaycan hər zaman mehriban qonşuluq prinsipinə sadiq qalıb. İki ölkə arasında zaman-zaman fikir ayrılıqları yaşansa da, Bakı münasibətlərin qarşıdurma deyil, dialoq yolu ilə inkişaf etdirilməsinin tərəfdarı olub. Bunun ən mühüm nümunələrindən biri də Azərbaycanın öz ərazisinin üçüncü dövlət tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsinə heç vaxt icazə verməyəcəyini dəfələrlə bəyan etməsidir. Rəsmi Bakı bu mövqeyini açıq şəkildə ifadə edib və qonşu ölkələrə qarşı öz ərazisinin istifadə olunmasına yol verməyəcəyini bildirib. Eyni zamanda Azərbaycan bütün tərəflərlə əməkdaşlıq edən, regionda nəqliyyat, enerji və iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edən dövlətdir. Məhz buna görə də ölkəmiz Yaxın Şərqdə gərginliyin genişlənməsində deyil, onun diplomatik yollarla aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət, güclü təhlükəsizlik sistemi və müxtəlif tərəflərlə saxladığı etibarlı münasibətlər mövcud risklərin idarə olunması baxımından mühüm üstünlük yaradır. Bununla belə, regionda vəziyyətin sürətlə dəyişməsi bütün dövlətlər kimi Azərbaycan üçün də proseslərin diqqətlə izlənilməsini zəruri edir. Rəsmi Bakı indiyədək olduğu kimi bundan sonra da beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və mehriban qonşuluq prinsiplərinə əsaslanan siyasətini davam etdirərək regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə vermək niyyətindədir”.

Musavat.com