Alimlər ürək sağlamlığı üçün gündəlik tam taxıl miqdarını açıqlayıbbackend

Alimlər ürək sağlamlığı üçün gündəlik tam taxıl miqdarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər ürək-damar sağlamlığını qorumaq üçün gündə nə qədər tam taxıl məhsulu qəbul edilməsinin optimal olduğunu müəyyənləşdiriblər.

Araşdırmanın nəticələrinə görə, gündə 60–100 qram tam taxıl məhsulu ürək və metabolik sağlamlıq baxımından ən faydalı göstəricilərdən biri hesab olunur. Editor.az xəbər verir ki, tədqiqatın nəticələri European Heart Journal jurnalında dərc edilib.

Alimlər bu nəticəyə 87 klinik araşdırmanın məlumatlarını təhlil etdikdən sonra gəliblər. Araşdırmalarda Asiya, Avropa, ABŞ, Kanada, Braziliya və Avstraliyadan 6 500-dən çox insanın məlumatları nəzərdən keçirilib.

Tədqiqat zamanı tam taxıl məhsullarının sağlamlığa nəzərəçarpacaq müsbət təsirinin gündə təxminən 30–40 qramdan başladığı müəyyən edilib. Bununla belə, ən yüksək fayda 60–100 qramlıq gündəlik qəbul səviyyəsində müşahidə olunub.

Məlum olub ki, gündə təxminən 60 qram tam taxıl məhsulu qəbul edildikdə arterial təzyiqin azalması maksimum həddə çatır. Daha yüksək miqdarda tam taxıl istehlakı isə “pis” xolesterinin səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilib. Araşdırmada həmçinin bədən çəkisi, bel çevrəsi və ümumi xolesterin göstəricilərində müsbət dəyişikliklər qeydə alınıb.

Tam taxıl məhsullarına dənli bitkinin qabığı və rüşeymi saxlanılan yarmalar, çörək və digər qida məhsulları daxildir. Bu məhsullar qida lifləri, vitaminlər və minerallarla zəngin olur.

Mütəxəssislərin fikrincə, tam taxılların tərkibindəki qida lifləri karbohidratların və şəkərin orqanizm tərəfindən mənimsənilməsini yavaşlatmağa, xolesterin və bədən çəkisinə nəzarət etməyə, həmçinin bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləməyə kömək edə bilər.

Tədqiqat müəllifləri gündəlik qidalanmada bəzi sadə dəyişikliklərin edilməsinin kifayət edə biləcəyini bildirirlər. Məsələn, ağ çörəyin tam taxıllı çörəklə, ağ düyünün qəhvəyi düyü ilə, daha çox təmizlənmiş taxıl məhsullarının isə yulaf və qarabaşaq kimi alternativlərlə əvəzlənməsi tövsiyə olunur.

Alimlər qeyd edirlər ki, tam taxıl məhsulları sağlam qidalanma ilə bağlı bir çox tövsiyələrdə yer alsa da, onların optimal gündəlik miqdarı uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Yeni araşdırmanın nəticələri gündə 60–100 qram tam taxıl məhsulunun ürək-damar və metabolik sağlamlıq baxımından faydalı ola biləcəyini göstərir.

Bununla belə, mütəxəssislər qidalanma ehtiyaclarının fərdi xüsusiyyətlərdən asılı olduğunu və sağlam qidalanmanın yalnız bir məhsul və ya qida qrupundan ibarət olmadığını vurğulayırlar.

//Gülnarə Abasova, Editor.az