ABŞ və İran arasında qarşıdurmanın hərbi müstəvidə dərinləşməsi Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını daha ciddi sınaq qarşısında qoyur. Tərəflər arasında mümkün diplomatik təmasların yenidən gündəmə gəlməsi isə regionda eskalasiyanın qarşısının alınması baxımından müəyyən ümidlər yaradır. Bununla belə, əvvəlki razılaşmaların və atəşkəs cəhdlərinin davamlı nəticə verməməsi diplomatik prosesin perspektivləri ilə bağlı sualları da artırır. Mövcud vəziyyətin regionun təhlükəsizliyinə, o cümlədən Azərbaycanın yerləşdiyi Cənubi Qafqazın geosiyasi sabitliyinə mümkün təsirləri fonunda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi xüsusi maraq doğurur.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-İran gərginliyi proqnozlaşdırılması çətin olan bir mərhələyə gəlib çatıb:
“ABŞ-İran münasibətləri elə bir səviyyədədir ki, onun sabah necə inkişaf edəcəyini heç cür proqnozlaşdırmaq mümkün deyil. Hətta mənə elə gəlir ki, hazırda İran tərəfi müdafiə olunan tərəf olduğu üçün, hücum edən tərəf kimi Trampın özü də sabah nə baş verəcəyini və nə edəcəyini dəqiq bilmir. Addımlar situasiyadan asılı olaraq atılır. İran tərəfi Amerikanın endirdiyi zərbələrə cavab reaksiyaları verir. Bu mənada İranın atacağı addımlar daha çox Amerikanın hərəkətlərindən asılıdır.
Amerika prezidenti isə müşahidələr göstərir ki, daha çox əhval-ruhiyyəyə uyğun olaraq taktikasını müəyyənləşdirir. Məsələn, Xameneinin dəfn olunduğu gün Tehranın küçələrində izdihamın içərisində “Trampa ölüm” şüarlarının səsləndirilməsi və yazıların qaldırılması Trampı elə NATO zirvəsindən İranı yenidən bombalamaq barədə qərar verməyə məcbur etdi. Yəni bu cür situativ təzahürlər Trampı atəşkəsi pozmaq kimi çox məsuliyyətli, daha doğrusu, məsuliyyətsiz qərarlar verməyə vadar edir. Belə şəraitdə münasibətlərin və gərginliyin sabahkı vəziyyətini proqnozlaşdırmaq həqiqətən çox çətindir.
Digər tərəfdən, indiyə qədər bir neçə dəfə atəşkəs razılaşması əldə olunsa da, onların hamısı pozulub. Hətta sonuncu dəfə iyunun 17-də Böyük Yeddilərin Fransadakı toplantısında memorandumun imzalanması insanlarda böyük ümidlər yaratsa da, məhz bunun da heç bir nəticəsi olmadı və cəmi 15-16 gün ərzində atəşkəs yenidən pozuldu, hərbi əməliyyatlar isə qızışdı. Əlbəttə, vasitəçilərin səyləri də başa düşüləndir. Çünki xüsusilə Pakistan və Qətər yenidən vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. İndiyə qədər onların iki mərhələdə həyata keçirdikləri vasitəçilik müəyyən nəticələrə gətirib çıxarsa da, bu nəticələrin ömrü uzun olmayıb. Konkret yekun bundan ibarətdir ki, nə Pakistanın, nə Qətərin, nə də Misirin vasitəçilik səyləri davamlı şəkildə hər hansı bir nəticəyə və yekuna gətirib çıxarmır. Belə şəraitdə bu ölkələrin yenidən vasitəçilik səyləri yalnız öz nüfuzlarını qorumaq məqsədinə xidmət edir.
Ancaq hesab edirəm ki, əgər bu ölkələrin nüfuzunun bərpası bundan asılıdırsa, bu, mümkün görünmür. Çünki İran və Amerika münasibətləri əslində bu gün vasitəçilərdən deyil, hər iki tərəfin özlərinin apardıqları siyasətə tənqidi və məsuliyyətli yanaşmasından daha çox asılıdır. Çünki hər iki ölkənin apardığı siyasət bu gün dünyada sülhü ciddi şəkildə təhlükə altına alır və hər hansı bir vasitəçinin bundan sonra da razılaşma əldə etməsi, düşünürəm ki, vəziyyəti kardinal şəkildə dəyişdirə bilməyəcək”.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin azalmasına nail olmağın yeganə yolu Fələstin probleminin həllinə köklü yanaşmaqdır:
“Çünki Fələstin problemi İsrailin Fələstini bir dövlət kimi tanımamasından başlayaraq, kölgədə ən azı üç böyük silahlı mübarizə təşkilatının yaranmasına gətirib çıxarıb. Husilərin, Hizbullahın və HƏMAS-ın timsalında yaranmış silahlı müqavimət hərəkatları İsrailin siyasətinə qarşı mübarizə aparırlar və bu mübarizəyə də İran dəstək vermək üçün bəhanə tapır. Əgər Fələstin probleminə köklü yanaşma olarsa, həmin silahlı və terror təşkilatları adlandırılan qrupların da mövcudluğuna ehtiyac qalmaz, eyni zamanda Yaxın Şərqdə də gərginliyə son qoyulmuş olar”.
//Gülnarə Abasova, Editor.az

